"Hər yan qan gölməçəsi idi" - Bərdə şəhidinin qardaşı dəhşətli günü xatırlayır

 "Hər yan qan gölməçəsi idi" -  Bərdə şəhidinin qardaşı dəhşətli günü xatırlayır
  28 Oktyabr 2021    Oxunub :1159
“Mənim üçün həmin terror haqqında danışmaq, onu yenidən yaşamaq çox çətindir. Ermənilərin Bərdəyə atdığı raketlərin nəticəsində elə görüntü yaranmışdı ki… O günlər heç kimin yadından çıxmaz”. Bu sözləri AzVision.az-a 2020-ci il oktyabrın 28-də Ermənistanın Bərdəyə atdığı "Smerç" raketləri nəticəsində həlak olan şəhər sakini Məhərrəm Mustafayevin qardaşı İlham Mustafayev deyib.
O, hadisənin dəhşətindən hələ də özünə gələ bilmədiyini bildirib.

- Bərdəyə atılan raketlər nəticəsində başı, ayağı, qolu üstündə olmayan, bədəni paralanmış insanlar var idi. Bədən parçaları hər yana səpələnmişdi. Bu, dəhşətli faciə idi. Baş verənləri hər kəs, dünya gördü.

Həmin vaxtı işdə idim. Mənə zəng vurub, hadisə haqqında məlumat verdilər. Qaçaraq evə gəlirdim. Yol boyu dəhşətli mənzərələri görə-görə halım pisləşmişdi. Qardaşımın yanmış maşınını, həmin yerdə insanlarını axan qanını görəndə özümdən getdim. Beynim dumanlı idi. Nə baş verdiyini anlamırdım, qavramırdım. İndi o günləri, o faciəni yada salmaq çox ağırdır.



Sürücü işləyən Məhərrəm Qızıl Aypara Cəmiyyətinin könüllüsü olub. Qardaşı deyir ki, ermənilər törətdikləri cinayətlə toxunulmaz qəbul edilən bir quruma toxunublar:

- Bu hadisə bir çox dövlətləri silkələdi. Məhərrəmin ölümü ilə bağlı bir çox ölkələrdə aksiyalar keçirildi. Sübut olundu ki, ermənilər vəhşilik edir, dinc əhaliyə raket atırlar. Bu əməllər cavabsız qalmadı. Ali Baş Komandana Allah ömür versin. Ordumuza təşəkkür edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizin canı sağlam olsun. Onların sayəsində qisas alındı, torpaqlarımız azad olundu.

Cəbhəboyu rayonlarda dərs keçilən vaxtı uşaqlar hansı silahlardan atəş açıldığını səsindən bilirdilər. Artıq onlar o həyatı yaşamayacaqlar. Qardaşımın "şəhid" adı ilə fəxr edirəm. Məhərrəm neçə insana yardımçı olub, qan verib. Beş il ərzində Aypara Cəmiyyətində könüllü çalışıb. Ölümü ilə ermənilərin əsl sifətini dünyaya göstərdi. Heç bir azərbaycanlı bu tarixi unutmaz.



Bərdə terrorunun qurbanı ailəli olub. Onun özündən sonra bir qızı, bir oğlu yadigar qalıb. Oğlu musiqi kollecini bitirib, tar ifa edir. Qızı Gəncə Tibb Texnikumunda təhsil alıb. Yoldaşı II qrup əlildir.

- Qardaşımla bir həyətdə yaşayırdıq,- deyir İlham,- O anamla birlikdə qalırdı. Qardaşımın maşının içində necə yandığını canlı yayımda gördüm. Dəhşətli idi… Ana balanı, bala da ananı axtarırdı. Hər yan qan gölməçəsi idi. Günün günorta çağı belə faciə unudulmazdır.

Həmin gün Bərdəyə iki dəfə raket atılmışdı. Birinci dəfə evimizin qarşı tərəfinə, idman kompleksinin həyətinə düşmüşdü. Evdəkilər danışırdı ki, birinci dəfə raket atılanda hər yanı tüstü bürüyüb, bir anlıq silkələnmə olub. Aradan bir müddət keçəndən sonra qardaşım marketə girib, çörək alıb evə qayıdacaqdı. İnsanlar isə birinci raketin hansı tərəfə düşdüyünə baxırdılar. Elə həmin an ikinci raket atılıb və Məhərrəmin həyatına son qoyan faciə baş verib.



Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, mülki və ticarət obyektlərinin, o cümlədən, fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutublar. Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb.

Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.

Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.









Şahanə Rəhimli
AzVision.az

Teqlər: Bərdə   terror   Ermənicinayəti  







Xəbər lenti