"Şəhidlərin üzündə təbəssüm var idi. Biz onda bildik ki..." - Vətən müharibəsinin iştirakçısı (VİDEO)

 "Şəhidlərin üzündə təbəssüm var idi. Biz onda bildik ki..." -  Vətən müharibəsinin iştirakçısı (VİDEO)
  01 Noyabr 2021    Oxunub:3899
"Müharibənin başlamasından 3 gün keçirdi. Hər gün şəhid gəlirdi. Bir azərbaycanlı olaraq dözməyib hərbi komissarlığa müraciət etdim. Dedilər, əlaqə saxlayacağıq. Elə həmin gün zəng edib, çağırdılar. Evdəkilərlə sağollaşıb, müharibəyə yollandım. Füzulidə, atamın doğulduğu kənddə olanda atama zəng edib dedim ki, dədə-baba yurdumuzdayam".
Bu sözləri AzVision.az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif edilən Araz Əlizadə deyib. O, ilk dəfə Füzuliyə daxil olanda qəribə hisslər keçirirdiyini bldirir:
- Çətinliklərimiz çox oldu, amma bunlar yolumuzda çəpər ola bilmədi. Sumqayıtdan 32 nəfər müharibəyə getmişdik. 32 nəfərdən 1 nəfər - Murad Məmmədov şəhid oldu. Daha bir nəfər - Sahil Həsənli isə qolunu itirdi. Mərmi onun sağ qolunu qoparmışdı. Ruslan adında qardaşımızı döyüş meydanından yaralı çıxararkən 3 dəfə snayper atəşinə məruz qaldı. Amma şükürlər olsun, salamatdı. Döyüş yoldaşlarımızla çalışırıq tez-tez görüşək və xatirələrimizi yeniləyək.


Araz Əlizadə döyüş xatirələrinə davam edir:
- Xocavənd istiqamətində 2 kalon maşınla gedirdik. Öndəki kalonu vurdular. Şəhidlərimiz və yaralılarımız var idi. Həmin an bizim maşın dayandı. Maşından düşüb mövqe seçdik ki, bizi də vurmasınlar. Yaralılara kömək etməyə çalışırdıq. Heç kəs bir-birini tanımırdı. Hərə bir hərbi komissarlıqdan göndərilmişdi. İki yaralı xüsusilə xatirəmdədir. Onlardan birinin ayağını qəlpə aparmışdı. Digərinin isə qabırğaları yox idi. Amma qətiyyən özlərini itirmirdilər. Bir məqam isə xatirəmdən heç vaxt çıxmayacaq. Bəlkə də bizi ruhlandıran elə həmin məqam idi. Şəhidlərimizi gördük. Hamısının üzündə təbəssüm var idi. Biz onda əmin olduq ki, Şəhidlər ölmür.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti