Məhz bu reallıq fonunda Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində qərb dünyasının ünvanına haqlı iradlar səsləndirdi.
- Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik,- Prezident İlham Əliyev dedi.
Dövlət başçısı 30 ildir ki, dinc əhaliyə və mülki obyektlərə qarşı müharibə aparan erməni tərəfinin bütün insani keyfiyyətlərdən xali olduğunu da diqqətə çatdırdı.
“Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət”,- dövlət başçısı vurğuladı.
Qərb ölkələrinin Azərbaycandakı səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri erməni faşizminin nümunəsini onların səfəri zamanı Ermənistan silahlı qüvvələrinin qəsdən həmin istiqaməti atəşə tutmasında da gördülər. Bərdə və Gornaboy rayonlarının da həmin gün intensiv şəkildə atəşə tutulması dayanmadı. Nəticədə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs qətlə yetirildi.
Ekoloji terrorla da məşğul olan Ermənistanın döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın törədildi.
Bərdə faciəsinin nəticələti ilə yerində tanış olan Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov
- Xocalıdakı soyqırımı görən və qınamayan dünya birliyi, bu gün Azərbaycanın digər şəhərlərində - Gəncə və Bərdədə törədilmiş faciələrin şahidi oldu, -bəyanatını verdi.
Bərdə şəhərinə raket hücumu ilə bağlı reportaj hazırlayan “The New-York Times” qəzetinin jurnalisti ilk partlayışın onlardan 20 metr aralıda baş verdiyini, Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış yerlərinin demək olar ki, gündəlik raket zərbələrinə məruz qaldığını yazdı. Həmin müdhiş anı jurnalist belə ifadə etdi.
“Bayırda, yol ayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qapısına yayılmışdı. Bombaların zərərsizləşdirilməsi üzrə zabitlər kombinezon və kaskada döyüş sursatlarının üzərində dayanmışdılar” ,-jurnalist bildirdi.
Erməni faşizminin daha bir təzahürü düşmənin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdiyi, lakin Azərbaycan əsgərləri tərəfindən xilas olunmuş 84 yaşlı Mişa Melkumyanı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə təhvil almaqdan imtina etməsində özünü göstərdi.
Ənənəsinə sadiq qalan Azərbaycan Ordusu izə düşmənə layiq olduğu cəzanı döyüş meydanında verirdi. Həmin gün düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edildi. Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralandı, 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşdü.
Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina etdi. Ermənistanın Koti yaşayış məntəqəsində yerləşən hərbi hissənin hərbi qulluqçuları döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs olundular. Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən silahlı qarşıdurma nəticəsində ölən və yaralananlar oldu.
Ermənistanın müdafiə nazirliyi döyüşdə məhv edilən 1194 erməni hərbçisinin adının müəyyənləşdiyini açıqladı. Halbuki qeyri-rəsmi məlumatlara görə, bu rəqəmin azı 5 min nəfərə çatdığı bildirilir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti də “İnterfaks” agentliyinə müsahibəsində bu məqamı vurğuladı.
Müharibənin 33-cü günü Azərbaycan Ordusu düşmənin daha 2 Su-25 təyyarəsini vurdu ki, bununla da Ermənistanda vurulan təyyarələrin sayı 5-ə çatdı. 2020-ci il sentyabrın 27-dən oktyabrın 29-dək düşmənin hərb maşınına vurulan maddi ziyan 2,7 milyard dollar dəyərində qiymətləndirilirdi.
Ermənistana bu sarsıdıcı zərbələrin endirilməsində sözsüz ki, PUA-ların, xüsusilə də “Bayraktar”ların rolu misilsiz idi. Azərbaycan Prezidenti “İnterfaks” agentliyinə müsahibəsində bu məqama da toxundu.
- Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla. Müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı. Biz neçə “Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir, -İlham Əliyev dedi.
Bəli, Türkiyə istehsalı olan “Bayraktar”ların İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi fantastik imkanları dillər əzbəri oldu.
Müharibənin 34-cü günü – 2020-ci il oktyabrın 29-da Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, şəxsən ona və Türkiyə xalqına Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırdı, tərəqqi və xoşbəxtlik arzuladı.
Ermənistanın hər vəchlə Azərbaycanla müharibəyə sürükləməyə çalışdığı Rusiyanın prezidenti Vladimir Putin isə İrəvandakı qızğın beyinləri üşüdən növbəti bəyanatla çıxış etdi. Putin “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında
“Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir və Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq və Dağlıq Qarabağla münasibətləri aydınlaşdırmaq hüququmuz var. Bizim mövqeyimiz isə tamamilə açıqdır, -Azərbaycana beş üstə gəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və sair barədə danışmaq lazımdır”, -Rusiya prezidenti bildirdi.
Azərbaycan Ordusunun zərəbələrindən və tarixən öz çirkin məqsədləri üçün istifadə etdikləri Rusiyanın bu dəfəki mövqeyindən təlaşlanan erməni separatçıları öz başlarının çarəsini qılmaq hayına düşdülər. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayan separatçıların lideri Araik Arutyunyan çıxılmaz vəziyyətə düşdüklərini gizlətmədi.
Amma atalar demişkən, Araikin də, təcavüzkar Ermənistanın da və onların havadarlarının da görəcəkləri gün hələ qabaqda idi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


