Məzunlar daha işsiz qalmayacaq: Yeni proqram nələri vəd edir?

 Məzunlar daha işsiz qalmayacaq:  Yeni proqram nələri vəd edir?
  29 Oktyabr 2021    Oxunub:2232
Yaxşı mütəxəssis olmaq üçün təkcə nəzəri deyil, eləcə də praktiki biliklər daha vacibdir. Günümüzdə yaxşı kadr özünə sərmayə yatıran, bütün istiqamətlərdə yetişən və öyrəndiyi nəzəri, praktiki bilikləri təqdim etməyi bacaran şəxsdir. Günümdə ali təhsili bitirən çox tələbə iş tapmaqda çətinlik çəkir. Çünki şirkətlər yuxarıda sadaladığımız keyfiyyətlərə malik kadrları axtarır, onlarla iş qurmağa çalışır.
Bəs iş təcrübəsini tələbə necə toplamalıdır? Bu işdə onlara Təcrübə və Təqaüd Proqramları MMC kömək edəcək. Şirkətin təsisçisi və rəhbəri Şahin Sərdarlı AzVision.az -a müsahibəsində bildirib ki, onlar təcrübəçi ilə müəssisə arasında vasitəçi rolunu oynayacaqlar.

- Sizin fəaliyyətiniz haqqında ətraflı məlumat alaq. Siz gənclərə, tələbələrə nə təqdim edirsiniz?

- Təcrübə və Təqaüd Proqramları MMC-nin fəaliyyət istiqaməti çoxşaxəli olsa da, konkretdir. Biz şirkət və müəssisələrdən konkret bir məbləğ təqdim etməklə təcrübə proqramı üzrə vakant yerləri alır və təhsil alan, o cümlədən təhsilini başa vurmuş gənclərə təqdim edirik. Şirkət və müəssisələr bizə o yerləri verməkdə niyə maraqlıdır? Burada iki məqam var:

1.Artıq müvafiq istiqamətlər üzrə ixtisaslaşmış şirkətlər və müəssisələr illərdir əldə etdikləri və formalaşdırdıqları zəngin praktiki bilikləri bazara çıxarmalıdır. Praktiki biliklərini gənclərlə bölüşməyin müaqabilində isə əlbəttə ki, məvacib qazanmalıdır. Yəni, ortaq maraqlar mütləq idi.
2.Gənclərə daha əlçatımlı olmalı və onlara şərait yaratmalıdır ki, zəngin praktiki biliklərə sahib olan mütəxəssisləri ilə birlikdə proqram çərçivəsində onlar da çalışsınlar.

- Bəs, şirkətlər və müəssisələrlə əməkdaşlıq hansı formatda olacaq?

- Şirkətlər fəaliyyət istiqamətlərinə uyğun olaraq təcrübə proqramı üzrə vakant yerlərin siyahısını bizə təqdim edir, biz o proqramları tələbə və gənclərə təqdim edirik. Onların öyədilməsi qaşrılığında isə həmin müəssisə və təşkilatlara ödəniş veririk. Beləliklə həm şirkət qazanır, həm də gənclərin yaxşı kadr kimi formalaşmasına dəstək göstərmiş olurlar. Həmçinin özünə gələcək kadr bazasını formalaşdırırlar. Sahibkarlar real iş prosessində gənclərin zəngin nəzəri biliklərindən yararlanır, şirkətinə yeni nəfəs gəlir və özünə yaxşı kadr seçmək şansı daha da artır.

- Bəs, gənclər bu proqramdan nələr qazanırlar?

- 3-4 il müddətində tələbələrlə işləyən biri kimi rahatlıqla deyə bilərəm ki, şirkət və müəssisələr gənclər üçün əlçatmazdır. Onların yaxşı kadr kimi formalaşmasında təcrübə proqramları çox vacibdir. Yaxşı mütəxəssis olmaq üçün nəzəri biliklər qətiyyən kifayət etmir. İllərdir bu istiqamətdə boşluqlar mövcud idi. Düşündük, çalışdıq və problemin həllini tapdıq. Gənclər təhsil aldıqları zaman ərzində həm də real iş prosessinin tam mərkəzində olacaqlar. Təcrübəli mütəxəssislərdən faydalanacaq, özünü təqdim və təsdiq edə biləcək, gələcəyinə yatırım etmiş olacaq. Necə ki, uzun illər təhsilinə yatırım edirdi. İndi də elə. Məsələni belə də təhlil edə bilərik. Universitetə daxil olmaq üçün repetitor hazırlığına pullar xərclədik, universitetdə təhsil almaq üçün həmin təhsil müəssisəsilərinə yenə məvacib ödədik. Məqsəd birdir. Yaxşı mütəxəssis olmaq. Amma ideal kadr olmaq üçün nəzəri biliklər qətiyyən kifayət etmir. Gənclər anlamalıdır ki, praktiki biliklərini zənginləşdirmək üçün yenə də özlərinə yatırım etməlidirlər.
Proqram müddətimiz 1 (bir) ay nəzərdə tutulub. Təcrübə proqramı bitəndə gəncin təcrübə keçdiyi müəssisə ilə birgə sertifikat təqdim edəcəyik. O cümlədən müəssisə ən yaxşı təcrübəçini seçmək və ona müəssisə rəhbəri tərəfindən tövsiyə məktubu vermək hüququna malikdir.

- Proqram necə başlayacaq?

- Biz hazırda müvafiq şirkət və müəssisələrlə danışıqlar prosessini həyata keçiririk, ilkin razılıqlarımız var. Şirkətlər öz zəngin təcrübələrini satmağa, gənclər isə onu almağa maraqlıdır. Şirkətlərlə bağlayacağımız müqaviləyə əsasən aktiv proqramlarımızı səhifələrimizdə və saytımızda elan edəcəyik. Təcrübəçinin müraciəti əsasında onunla fərdi qaydada müqavilə imzalayacaq və təcrübə proqramı üzrə nəzərdə tutulmuş ödəniş həyata keçirilən andan qeydiyyatı təsdiqlənmiş olacaq. Proqram müddəti 1 (bir) ay olmaqla yanaşı, həftənin 5 günü, gün ərzində 4 saat nəzərdə tutulub. İki növbəlidir, səhər və günorta növbəsi. İstəditi növbəni seçmək şansını təcrübəçiyə vermişik.

Ümid edirəm ki, bütün müəssisələr öz qapılarını gənclərə açacaq, praktiki biliklər əldə etmələrinə yardımçı olacaq və uzun illər topladığı zəngin bilikləri təcrübəçiyə təqdim etməklə əlavə gəlir əldə etməyə meylli olacaqlar.

Əsas məqsədimiz isə gənclərdən ən çox eşitdiyimiz "Təcrübəm yoxdur, iş tapa bilmirəm, təcrübəni hardan əldə edim ki?" sualını birdəfəlik tarixin tozlu səhifələrinə köçürməkdir. Bütün təkliflərə açığıq.

AzVision.az




Teqlər: Tələbə  



Xəbər lenti