Dövlət Komitəsi 11 yaşlı ana və körpəsini nəzarətə götürdü

 Dövlət Komitəsi 11 yaşlı ana və körpəsini nəzarətə götürdü
  30 Oktyabr 2021    Oxunub:1148
Kütləvi informasiya vasitələrində İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə əlaqədar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən ana və uşaq nəzarətə götürülüb. Uşaqların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.
Komitədən AzVision.az -a verilən məlumata görə, aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək:

"Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək.

Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur".

Qeyd edək ki, faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlamasında hadisənin həqiqiliyi təstiqlənmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin başlanıldığı bildirilib.

AzVision.az


Teqlər: 11yaşlıqız  





Xəbər lenti