Məscidlərdə donuz saxlayan ermənilərin prezidenti müsəlman ölkələri ilə dostluqdan dəm vurur

Məscidlərdə donuz saxlayan ermənilərin prezidenti  müsəlman ölkələri ilə dostluqdan dəm vurur
  30 Oktyabr 2021    Oxunub:1090
Ərəb mətbuatında Ermənistanın müsəlman aləminin ən mühüm ölkəsi olan Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmaq istəməsi və İslam dünyası ilə yaxınlaşmaq cəhdləri barədə xəbərlər dərc olunur. Bu ərəfədə islamofobiyanı dövlət siyasətinə çevirmiş bir ölkənin prezidenti Armen Sarkisyanın müsəlman ölkələri ilə dostluq münasibətləri haqqında saxta bəyanatları səmimilikdən çox uzaqdır.
Erməni ekspert Araks Paşayan ərəbdilli KİV-lərə müsahibəsində bildirib ki, ermənilər Türkiyə və Azərbaycanın Yaxın Şərqdə mövqeyinin daha da güclənməsi, Ermənistanın İslam aləmindən tamamilə təcrid olunmasının qarşısını almaq məqsədilə “onlar üçün çox faydalı olacaq Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmaq arzusundadırlar”. O bildirib ki, 44 günlük müharibə zamanı İslam dünyasının sosial şəbəkələrində və mətbuatında Ermənistan əleyhinə aparılan təbliğat ermənilər üçün ciddi problemlər yaradıb, Ermənistan müsəlman aləmində korlanmış imicini bərpa etmək üçün yeni mürəkkəb yanaşma və metodlardan istifadə etməlidir. Beləliklə, erməni şərqşünas informasiya müharibəsində Azərbaycanın üstünlüyünü etiraf edib, lakin unudub ki, “əzabkeş xalq”ın yalan maşınının iflasının əsas səbəblərindən biri islamofobiya və məscidlərin təhqir edilməsi faktlarının üzə çıxmasıdır.

Azərbaycanın informasiya müharibəsində möhtəşəm qələbəsinin lideri olan Prezident İlham Əliyev dəfələrlə müxtəlif tribunalardan ermənilərin işğal etdikləri ərazilərdə 67 məsciddən 65-ni dağıtması, ikisində isə müsəlmanların heysiyyətini təhqir edərək donuz saxlamaları faktlarını dünya ictimaiyyətinə çatdırıb. Təkcə qədim Azərbaycan şəhəri Şuşada 16 məsciddən 15-i məhv edilib. Azərbaycan Prezidenti bu faktlarla bağlı bəyan edib ki, İslam məbədlərini dağıdan və təhqir edən ermənilər müsəlmanların dostu ola bilməzlər.

Rəsmi Bakı düşünülmüş addım ataraq İslam ölkələrindən olan tədqiqatçıların, jurnalistlərin və siyasətçilərin işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil edərək, onlara ermənilər tərəfindən törədilmiş bu barbarlıq aktlarını əyani şəkildə göstərib. Bu səfərlərdən sonra İsam ölkələrinin mətbuatında dərc olunan məqalələr, erməni vəhşiliyinin şahidlərinin təəssüratları Ermənistanı narahat edib. Amma, necə deyərlər, əlahəzrət faktlar vəziyyəti bütün çılpaqlığı ilə göz önünə sərib.

AzVision.az xəbər verir ki, Ermənistanın informasiya cəbhəsində bugünkü acınacaqlı durumunun əsas səbəblərindən biri, qeyd etdiyimiz kimi, təkcə azərbaycanlılara və türklərə deyil, bütün müsəlmanlara qarşı olan kin və nifrətdir. Esseks Universitetinin İnsan Hüquqları Mərkəzinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının rəsmi saytında yayımlanmış hesabatında bununla bağlı ətraflı şərh yer alıb. Müəllif Sabina Qarahan qeyd edib ki, ermənilərin sosial şəbəkələrin fransız seqmentində azərbaycanlılara və bütün müsəlmanlara qarşı terror çağırışlarını efirə verib. Fransadakı erməni lobbisi TF-1 telekanalında 44 günlük müharibədə Azərbaycan şəhərlərinin bomba və raket atəşinə tutulması barədə reportajın qarşını almağa can atıblar. Bundan başqa, müsəlmanlara qarşı nifrət püskürən ermənilər Kəşmir məsələsində Pakistana qarşı təbliğat aparıb, ABŞ-ın Los-Anceles şəhərində tük kafesinə hücum edərək müsəlmanların məhv edilməsi şüarları səsləndiriblər. Hesabatda vurğulanıb ki, Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan öz işğalçılıq siyasətini müsəlman və xristianlar arasında qarşıdurma kimi qələmə verməyə çalışıb. Lakin Avropa Parlamentinin də hesabatında göstərildiyi kimi, Azərbaycanda 15-ə yaxın etnik azlıq mehriban şəraitdə yaşadığı halda, Ermənistan Cənubi Qafqazın yeganə etnik homogen ölkəsidir. Ermənistanın şovinizminin və islamofobiya siyasətinin başında isə erməni Apostol kilsəsi durur. Belə ki, erməni keşişləri orta məktəblərdə təyin etdikləri müəllimlər vasitəsilə din dərslərini müsəlmanlar əleyhinə təbliğat vasitəsi kimi istifadə edirlər.

Bütün bu faktların fonunda erməni politoloqların öz xalqına tövsiyə edəcəyi bir çıxış yolu var. Ermənistan müsəlman dünyası ilə səmimi əlaqələr qurmaq üçün, ilk növbədə, bütün səmavi dinlərdə, o cümlədən xristianlıqda da əsas meyar hesab edilən tövbə qapısına yönəlməli, bütün İslam aləmindən törədilən barbarlığa görə üzr istəməlidir. Məscidlərdə donuz saxlayıb, o biri tərəfdən İslam ölkələri ilə dost münasibətlərdən danışmaq, ən azından, riyakarlıqdır. Ermənilər unutmamalıdır ki, İslam dəyərləri ərəb ölkələri, ən başlıcası isə Səudiyyə Ərəbistanı üçün müqəddəsdir.

AzVision.az



Teqlər: Erməni   Məscid   Donuz  





Xəbər lenti