"Şuşa" gəmisini rəngləyən xanım: "Yağışlı və küləkli havalarda işlədik" - VİDEOREPORTAJ

      "Şuşa" gəmisini rəngləyən xanım:    "Yağışlı və küləkli havalarda işlədik" -    VİDEOREPORTAJ
  02 Noyabr 2021    Oxunub:11764
Həyatda maraqlı peşələr çoxdur. Bunlardan biri isə gəmi təmiridir. Çətin və maraqlı olan bu peşədə rəngləmə xüsusilə seçilir. Əgər bu işi qadınlar görürsə, daha çox diqqəti cəlb edir. Həmin xanımlardan biri də 7 il gəmi təmirində rəngsaz işləyən Gülmirə Əliyevadır.
Gülmirə Əliyeva 2014-cü ilin 5 may tarixindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda rəngsaz işləyir. O, bura ixtisara düşəndən sonra gəldiyini deyir:

- Zavodda qadına aid rəngsazlıq işi idi, mən də onu seçdim. Burada qadınlar əsasən rəngsaz işləyir. Amma vaxtilə zavodda qadınların qaynaqçı, mexaniki təmir sexində dəzgah işlədiyini eşitmişdim. Yəni qadınların işləmədikləri sahə yoxdur. Onlar böyük qüvvədir.



"İlk gələndə çətinlik çəkirdim, amma zamanla bura, işimə öyrəşdim. 7 il ərzində çoxsaylı gəmi təmirində iştirak etmişəm. Məsələn, “Dağıstan”, “Şuşa”, “Fikrət Əmirov” gəmilərinin rənglənglənməsini etmişəm. Bundan əlavə, Qara dənizə gedən quru yük gəmilərində də işləmişəm. Onlardan keçən il “Rəsul Rza”, bu il “Şair Sabir”, “Vaqif” gəmilərinin təmirində iştirak etmişəm. İndi hal –hazırda onları yola salmışıq, gediblər”.



Gülmirə xanım deyir ki, gəmilər 5 ildən bir ümumi təmir edilir. Amma 2 ildən bir onlar yoxlanmağa gəlir. Eyni zamanda gövdə hissəsinin rəngi də dəyişilir. Çünki duzlu suda həmin rənglər “yeyilir”.

- Burada tək rəngləmə olmur. İlk öncə gəminin əvvəl çəkilmiş boyası qrit deyilən qum vasitəsilə təmizlənir. Sonra gəminin gövdəsi yuyulur və paslanmağa qarşı qrunt, ikiqat ara qatı vurulur. Daha sonra gəmi smetasında olan rəng çəkilir. Gəmi rənglənməsi ümumilikdə 4 mərhələdə gedir. Bu isə 1-2 il çəkir.
Gəmilərdə qrunt qırmızı, ara qatları boz olur. Gövdə hissədə isə əsasən göy və qara rəngdən istifadə edilir. Qırmızı rəng yanğınsöndürmə işarələrinə çəkilir. Gəminin göyərtəsinə yaşıl və bəzən narınc rəng vurulur.



Hal-hazırda “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 6 rəngsaz qadın işləyir. Onlardan 5-i gəmini rəngləyir, 1 nəfər isə izoledici işləyir, yəni gəmilərin müəyyən hissələrinin izolyasiya işini aparır.

- Bizdə iş həm gəmidə olur, həmçinin müəyyən detallar var ki, sexdə rənglənir. Boyama isə həm insan əli ilə, həm də fısqırtma yolu, yəni hava təzyiqi ilə edilir. Bundan isə insan əli çatmayan yerlərdə edilir. Amma gəminin rənglənməsində əsasən kiçik və böyük vərdənələrdən istifadə edilir, deyən rəngsaz qeyd edib ki, bəzən onlara boyalar tam gəlmir. Bu zaman rəngləri qarışdırıb, gəmi heyətinin istədiyi rəngi alırlar.

- Məsələn, tünd qırmızı, açıq mavi və sarı rəngləri əsasən özümüz düzəldirik”.
Gülmirə xanım deyir ki, zərərli işdə işlədikləri üçün onlar gündəlik yarım listr su içirlər. O peşəsinin çətin anlarından da danışıb. Məsələn, küləkli və yağışlı havalarda çöldə kombizonları islansa da işləməlidirlər.

-İşimiz çətin adlandırmazdım, çünki mən bu peşəni sevirəm. Gəmidə iş, onunla səyahət çox maraqlıdır.





Aytən Zəhra
Foto:Anar Bayramlı
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az

Qalereya




Teqlər: Gəmi   Rəngsaz  





Xəbər lenti