- Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif xalqımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirsiniz. Övladları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnamə yalnız atanın cəbhəyə könüllü getməsi və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək. Siz uşaqları və anaları girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar verdiniz? Sizin beyniniz var?, - erməni vəkil sual edib.
Azərbaycan Ordusunun döyüş meydanlarındakı qələbələri Ermənistanı börümüş vahiməni daha da gücləndirirdi. 2020-ci il noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında daha 7 kəndimizin azadlığa qovuşduğunu bildirdi.
Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Sutka ərzində Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində düşmənin 10-cu dağatıcı və 37-ci atıcı diviziyaları, 2-ci motoatıcı, 5-ci dağatıcı və 543-cü alayları ciddi itkilər verdi. Düşmənin alay komandiri, tabor komandiri, snayper qrupu və tank heyəti daxil olmaqla, xeyli sayda canlı qüvvəsi, 2 tankı, 3 topu, 1 pilotsuz uçuş aparatı, 3 hərbi yük maşını, “Zastava M-55” tipli zenit qurğusu və şəxsi heyətlə dolu UAZ markalı avtomobili məhv edildi. Həmin avtomobildə ölənlərdən biri kapitan Ando Qrikoryan idi.
Ermənistanın daha bir nou-hausu məhbusların Qarabağa göndərilməsi ideyası idi. Müharibənin 39-cu günü Ermənistanın baş prokurorluğu 21 məhbusun döyüşə göndərildiyini açıqladı.
Amma bütün ciddi-cəhdlərə baxmayaraq, Ermənistan cəmiyyətində qaçılmaz məğlubiyyətin acı dadını artıq hamı hiss edirdi.
Müharibənin ilk günlərindən könüllü kimi döyüşlərə qatılmış Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan yerli mediaya müsahibəsində ölkəsinin ağır durumda və itkilərin dözülməz olduğunu bildirdi.
Ermənistan parlamentinin müxalif “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Gevork Patrosyan baş nazir Nikol Paşinyana “Nikol, sən artıq məğlub olmusan” – müraciətini ünvanladı.
“Çiçəklənən Ermənistan” fraksiyasının digər deputatı Naira Zöhrabyan isə Moskvadan İrəvana qayıdarkən təyyarədə döyüşə yollanan erməni əsilli xarici ölkə vətəndaşları ilə rastlaşdığını və onların Azərbaycana qarşı döyüşə hazırlaşdıqlarını bildirdiklərini açıqladı. Bu məhz Ermənistanın müharibəyə muzdluları cəlb etdiyini təsdiqlədi.
Müharibə ilə bağlı dezinformasiyalar yayan “WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi “jurnalist” Semyon Peqovun Şuşa ətrafında gedən döyüşlərlə bağlı hazırladığı videoreportajda separatçı “Şuşa Administrasiyasının aparat rəhbəri” Qrişa Ohanesyan Azərbaycan Ordusunun peşəkarlığını etiraf etdi.
“Azərbacanlılar bu istiqamətdə xeyli canlı qüvvə toplayıblar. Xüsusilə də bura cəmləşdirilən ordu bölmələri digərlərindən fərqlənir. Görünən odur ki, onlar döyüşlərə çox yaxşı hazırlıqlı gəliblər. Hazırda azərbaycanlılar elə-belə irəliləmirlər”, - separatçı məmur vurğuladı. Bu fakt artıq xalqımızın döyünən ürəyi olan Şuşanın azadlıq anının yaxınlaşdığından xəbər verirdi. Bunu təsdiqləyən digər fakt isə ermənilərin təcili surətdə neçə illər idi ki, Şuşa həbsxanasında girov saxladıqları Dilqəm Əsgərovu və Şahbaz Quliyevi Ermənistana aparmaqları idi.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində qanlı döyüşlərin nə vaxt və hansı şərtlərlə bitəcəyi, həmsədr dövlətlərin son 30 ildə, müharibə ərzində və postmüharibə dövründə nümayiş etdirdikləri və sərgiləməli olacaqları barədə öz düşüncələrini dünya ictimaiyyətinə çatdırdı.
- Ermənistanın namərd hücumları bizim iradəmizi sındırmadı
-Bizim vəzifəmiz ərazi bütövlüyünü bərpa etmək idi
-Həmsədrlər neytral olmasalar, vasitəçi ola bilməzlər
-Türkiyə yalnız siyasi-mənəvi dəstək göstərir
-Paşinyan müharibənin dayanmasını istəmir
-Paşinyan dəstək əldə etmək üçün feyk üsuldan istifadə edir
-Paşinyan Putinə gündə beş dəfə zəng edir
Paşinyanın gündə zəng vurub dəng etdiyi, kömək üçün dəfələrlə yalvardığı Rusiya prezidenti Vladimir Putin isə dini birliklərin nümayəndələri ilə görüşdə Qarabağdakı vəziyyətin sülh yolu ilə həll edilə biləcəyini düşündüyünü bildirdi.
Həmin yol isə Ermənistanın məğlubiyyətini rəsmi qaydada etiraf etməsindən keçirdi. Vladimir Putin Ermənistan hakimiyyətinə məhz bu mesajı verirdi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


