Blinken sudanlı generalı məmurları azad etməyə çağırıb

Blinken sudanlı generalı məmurları azad etməyə çağırıb
  05 Noyabr 2021    Oxunub:458
ABŞ-ın dövlət katibi Entoni Blinken Sudanın faktiki lideri, general Əbdülfəttah əl-Burhanla telefon danışığı zamanı hərbçilərin saxladığı məmurları həbsdən azad etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

“Dövlət katibi demokratiya arzusunu dəfələrlə bəyan edən Sudan xalqına heyranlığını ifadə edib. Blinken mülki hökumətin bərpasına, həmçinin oktyabrın 25-dən bəri həbsdə olan bütün siyasətçiləri dərhal azad etməyə və baş nazir Abdullah Hamduku hakimiyyətə qaytaracaq, Sudanda mülki idarəçiliyi bərpa edəcək dialoqa başlamağa çağırıb", - Prays söyləyib.

Dövlət katibi ümid edir ki, Sudan ordusu siyasi, diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı əhatə edən ABŞ-Sudan tərəfdaşlığını bərpa etmək üçün lazımi addımları atacaq.

O, həmçinin deyib ki, Amerika diplomatiyasının rəhbəri Hamdukla da telefon danışığı aparıb və oxşar mövzulara toxunub.

Xatırladaq ki, həftələrlə davam edən etiraz aksiyalarından sonra Sudan hərbçiləri oktyabrın 25-nə keçən gecə baş nazir Abdullah Hamduku, həmçinin bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər. General Əbdülfəttah əl-Burhan ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib. O, həmçinin 30 il ölkəyə rəhbərlik etmiş Ömər əl-Bəşirin devrilməsindən sonra Sudanda keçid dövrünü, hərbi və mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrini dayandırıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ   Sudan  





Xəbər lenti