"Taliban" 200-ə yaxın adamı sui-istifadəyə görə sıralarından qovub

"Taliban" 200-ə yaxın adamı sui-istifadəyə görə sıralarından qovub
  06 Noyabr 2021    Oxunub:648
“Taliban” vəzifə səlahiyyətlərindən sui-istifadə və təşkilatın adından şəxsi məqsədlərinə çatmaq üçün yararlanan 200-ə yaxın adamı sıralarından xaric edib.
AzVision.az xəbər verir ki, bu barədə “Taliban”ın oktyabrda yaratdığı xüsusi komissiyadan məlumat verilib.

Bundan əvvəl Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Kari Səid Hosti bildirib ki, müvəqqəti hökumət öz sıralarını korrupsioner və ləyaqətsiz şəxslərdən təmizləmək üçün komissiya yaradıb.

“200-ə yaxın insan "Taliban" sıralarından çıxarılıb və bu proses davam edir”, - komissiyadan bildirilib.

Qeyd olunur ki, burada söhbət himayədarlıqla vəzifə almış şəxslərdən, cinayətkarlardan, keçmişi şübhə doğuranlar və ya yerli əhalinin nifrətinə səbəb olan məmurlardan gedə bilər.

Hazırda bütün şübhəli hallar araşdırılır. Qeyd olunub ki, komissiya yaranandan bəri şəhərlərdə nizam-intizam daha da yaxşılaşıb.

Avqustun 15-də "Taliban" Kabilə daxil olub, hakimiyyəti ələ keçirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti