Varlı dövlətlərin xəsisliyi: Havanı korlayır, təzminat da ödəmirlər

Varlı dövlətlərin xəsisliyi:  Havanı korlayır, təzminat da ödəmirlər
  09 Noyabr 2021    Oxunub:1306
İqlim dəyişiklikləri ilə bağlı problemlərin həllində iqtisadi baxımdan inkişaf etmiş dövlətlərlə kasıb ölkələr arasında ixtilaf yaranıb. Dəyişikliklərə həssas ölkələr varlı dövlətlərin səbəb olduqları iqlim dəyişikliyinin vurduğu ziyana görə təzminat ödənilməsi təkliflərinə müqavimət göstərmələrindən narazılıq edirlər.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, kasıb ölkələr vurulan zərərə və ziyanlara görə təzminatlar məsələsinin Qlazqoda keçirilən COP26 konfransındakı danşışıqların mövzusu olmasını çox vacib sayırlar. 2015-ci ildə iştirakçılar bu problemin həlli barədə razılığa gəlsələr də, vəsaiti kimin ödəyəcəyi haqda anlaşama yoxdur. Məsuliyyəti öz üzərinə götürmək istəməyən varlı dövlətlər öhdəlik barədə istənilən təkliflərə müqavimət göstərirlər.

İnkişaf etməkdə olan ölkələr bu gün iqlimdə baş verən neqativ dəyişikliklərin çoxuna görə məhz varlı dövlətlərin məsuliyyət daşıdığını bildirirlər. Çünki onlar zəhərli karbon qazının atmosferə atılmasına digər ölkələrdən daha tez başlayıblar. Afrika qrupu adından danışıqlar aparan, habelə daha az inkişaf etmiş ölkələr blokunda Qvineyanı təmsil edən Alfa Umar Kaloqa bildirib ki, itkilər və ziyan məsələləri inkişaf etmiş ölklər üçün əvvəlkitək tabudur.
- Daha az inkişaf etmiş ölkələr blokundakı 46 dövlətdən çoxu Afrikada yerləşir. Danışıqlar prosesində biz dəfələrlə təklif vermişik ki, vurulan zərərlər və ziyanlar inkişaf etmiş ölkələrin iqlim maliyyələşdirilməsi üzrə hesabatlarında ayrıca sütunda yerləşdirilsin. Çünki belə zərər və ziyanlar bütün dünyada baş verir. Bir tərəfdən bütün prosesin şəffaf olmasının vacibliyini deyən varlı dövlətlərin eyni zamanda bağlı qapılar arxasındakı danışıqlarda göstərdiyi müqavimət xüsusilə məyusluq doğurur, - Kaloqa vurğulayıb.


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının builki hesabatında qeyd olunub ki, 2019-cu ildə inkişaf etmiş dövlətlərin iqlim üzrə ayırdıqları vəsaitin 25%-i adaptasiya tədbirlərinə - məsələn, ekstremal hava hadisələrinə hazırlığa və ya dəniz dambalarının inşasına, - qalanı isə karbon tullantılarının ixtisarını nəzərdə tutan layihələrin maliyyələşdirilməsinə xərclənib.
Kasıb ölkələr iqlim dəyişikliyinin cəmiyyətə göstərdiyi ciddi təsir üzündən artıq adaptasiya oluna bilmədiklərini, bunun əvəzində bərpa layihələri və ya başqa yerlərə köçmək üçün maliyyə dəstəyinə ehtiyac duyduqlarını deyirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İqlim   təzminat  



Xəbər lenti