Hibrid müharibədə partladılan "miqrant bombası"

// Avropa İttifaqının sərhədlərində gərginlik artır

  Hibrid müharibədə partladılan "miqrant bombası"
  10 Noyabr 2021    Oxunub:2992
Belarus-Polşa sərhədində miqrantlarla bağlı gərginlik yenidən artıb. Hələlik heç bir tərəf güzəştə getməyə hazır deyil və bir-birlərini ittiham edirlər. Bəs sərhəd gərginliyinə nə səbəb oldu və hadisələrin inkişafı hara aparır?
Belarusla Avropa İttifaqı (Aİ) arasında münasibətlər ötən ilin avqustunda bu ölkədə keçirilən prezident seçkilərindən sonra daha da pisləşməyə başladı. Aİ seçkilərin şəffaf keçirilmədiyini bəyan edərək, onun nəticələrini tanımadı, ardınca Minskə qarşı sanksiyalar tətbiq etdi. Müxalifətin seçkilərdəki namizədi Svetlana Tixanovskaya isə Avropya üz tutdu.

Aİ-nin Minskə qarşı sanksiyalar tətbiq etməsindən sonra Polşa ilə sərhəddə miqrantlarla bağlı vəziyyət gərginləşməyə başladı. Polşa hakimiyyətinin məlumatına görə, avqustun əvvəlindən belarus miqrantlar sərhədi 18 min dəfədən çox qanunsuz keçməyə cəhd ediblər. Aİ hesab edir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Avropaya təzyiq göstərmək üçün vəziyyətdən istifadə edir. Lukaşenko isə mayın sonunda bəyan etdi ki, Minsk Polşa vasitəsilə Avropa İttifaqı ərazisinə keçməyə çalışan qeyri-qanuni mühacirləri daha saxlamaq niyyətində deyil. O bildirib ki, bu demarşın səbəbi Avropa İttifaqının siyasətidir.


" Biz narkotikanın və miqrantların qabağını kəsirdik. Amma daha kəsməyəcəyik - indi siz özünüz onları tutun. Açıq deyirəm, daha sizin (Qərb dövlətlərinin - red.) Əfqanıstanda, İranda, İraqda yaratdığınız vəziyyətə görə ortaya çıxan miqrant axınının qarşısını almayacağıq. Sizin sanksiyalarınız nəticəsində bunun üçün nə pulumuz, nə də gücümüz var”,- Lukaşenko bildirib.


Bundan sonra ilk növbədə Litvaya, daha sonra Polşaya qeyri-qanuni miqrant axını kəskin şəkildə artdı. Brüssel Lukaşenko hakimiyyətini qəsdən miqrasiya böhranı yaratmaqda və Avropanın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq minlərlə qeyri-qanuni miqrantın Aİ sərhədlərinə köçürülməsini təşkil etməkdə günahlandırır. Bu arada miqrasiya böhranının kəskinləşməsi fonunda Avropa Komissiyasının sədri Ursula fon der Leyen quruma üzv dövlətləri Belarus hakimiyyətinə qarşı sanksiyaların uzadılmasını təsdiqləməyə çağırıb. Onun sözlərinə görə, bu, “hibrid hücuma” görə məhz Belarus məsuliyyət daşıyır.


Belarusun Aİ ilə sərhədinə miqrantlar yenidən necə peyda oldu?

Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Stanislav Jarın noyabrın 9-da bəyan edib ki, Belarus ərazisində hazırda 12-15 min miqrant ola bilər: "Bu, son aylarda Belarusa gəlməyi bacaran qrupdur". Jarının sözlərinə görə, 4 minə yaxın miqrant birbaşa Polşa ilə sərhəddə toplaşıb. Belarusun "BelTA" dövlət agentliyinin məlumatına görə isə bazar ertəsi bu ərazidə sərhədi keçməyə cəhd edənlərin əhəmiyyətli hissəsi kürdlərdir. Onların haradan gəldikləri dəqiq məlum deyil.

Avropa təşkilatları yayda Belarusdan miqrant axınının artdığını bildirməyə başlayıblar. Avqust ayında Litva sərhədçilərinə əsasən Yaxın Şərq və Şimali Afrikadan ölkəyə üz tutan miqrantları Belarusa geri çəkməyə icazə verdi. Eyni zamanda, Avropa İttifaqı İraqdan uçuşların ləğvinə nail olub və İraq hökuməti öz vətəndaşlarını Belarusdan çıxarmaq üçün uçuşlar təşkil edib. Bütün bunlar miqrant axınının azalmasına səbəb olsa da, payızdan yeni artım özünü göstərməkdədir.

Oktyabrın əvvəlində Latviya və Polşa sərhəddə fövqəladə vəziyyət tətbiq etdi, noyabrın 9-da bu rejim Litva tərəfindən də təsdiqləndi. Belarusun daxili işlər naziri İvan Kubrakov deyir ki, miqrantlar Minskə qanuni yolla gəlirlər. Oktyabrın ortalarına qədər Suriya, Misir, Əfqanıstan, Pakistan, Yəmən, İran və Nigeriya vətəndaşları birbaşa Minsk hava limanında Belarus vizasını ala bilərdilər. Bu, yay aylarında bu ölkələrdən uçuşların sayının artması ilə birlikdə Belarus dəhlizi vasitəsilə Avropa İttifaqına xeyli sayda qaçqın cəlb etməyin əsas səbəblərindən biri oldu. Lakin indi onlar yalnız Belarusun öz ölkələrindəki konsulluq və səfirliklərində viza ala bilərlər.


Təsdiqlənmiş cədvələ əsasən, mart ayına qədər İstanbul, Dəməşq və Dubay hava limanlarından Minskə həftədə 40-a yaxın təyyarə qalxmalıdır. Bu regiondan Minskə uçuşların ümumi sayı 2019/20-ci ilin qışı ilə müqayisədə iki dəfədən çox artıb. Avropalı siyasətçilər isə qeyd edirlər ki, Belarusun yerli turizm şirkətləri miqrantları qəbul edir, yerləşdirir və sonra sərhədə çatdırır. Onlar əmindirlər ki, hazırda Aİ sərhədlərində baş verənlərin hamısı Belarus rəhbərliyinin Aİ-yə qarşı yönəlmiş kampaniyasıdır.

Polşa prezidenti Anjey Duda Minskin Polşa sərhədində hücum təşkil etdiyini bildirib. “Videogörüntülərə əsasən, dünən Polşa sərhədinə doğru addımlayan bu miqrant qruplarını Belarus xidmətləri açıq-aşkar istiqamətləndiriblər və onlar son anda bu insanları normal yoldan meşəyə aparıblar ki, ordan Polşa-Belarus sərhədinə hücum etsinlər”,- Duda bildirib.
Belarus hakimiyyəti bu ittihamı şərh etməyib.

İctimai və dini liderlər böhranın tez bir zamanda həllinə çağırıblar. Müqəddəs Taxt-Tacın (Vatikan) dövlətlərlə əlaqələr üzrə katibi Paul Riçard Qallaher bəyan edib ki, Aİ ölkələri Belarusun Polşa və Litva ilə sərhədində toplanmış miqrant və qaçqınlara görə məsuliyyəti öz üzərinə götürməli və onlara humanist münasibət göstərməlidir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı Polşa və Belarusun hakimiyyət orqanları ilə əlaqə saxlayaraq, onları humanitar yardım üçün girişi təmin etməyə, sığınacaq üçün müraciət imkanı yaratmağa çağırıblar. “Siyasi məqsədlərə nail olmaq üçün miqrant və qaçqınlardan istifadə yolverilməzdir”, - birgə bəyanatda deyilir.

Polşalı analitik Marek Menkişak hesab edir ki, Kreml bu prosesdə Belarusa dəstək verir. Onun sözlərinə görə, miqrasiya böhranın Minsk rejimi Moskvanın razılığı və əsaslı dəstəyi ilə yaradıb. Belə tranzit marşrutlarının təşkili Kremlin köməyi olmadan mümkünsüz olardı. O, Rusiyanın Polşa-Belarus sərhədində böhranı qızışdırmaqda bilavasitə maraqlı olmasının bir çox səbəbləri olduğuna diqqət çəkir: "Birincisi, böhran Polşada daxili mübahisələrə səbəb olur, ikincisi, Polşa ilə Aİ arasında münasibətlərdə əlavə gərginlik yaradır, üçüncüsü, hibrid hərəkətlər kontekstində NATO-nun şimal-şərq cinahı ölkələrinin davranışını nümayiş etdirir, həmçinin Rusiya ilə dialoqun lehinə bir növ arqument kimi çıxış edir".

Bu gün Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel təcili səfərlə Polşaya gələcək. Avropa ölkələrinin hakimiyyət orqanları və Aİ rəhbərliyi Belarus sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və baş verənlərdə Minski günahlandırırlar. Uzun müddətdir ki, Aİ-nin Belarusa ən sadiq ölkələrindən biri hesab edilən Avstriyanın xarici işlər naziri Mixael Linhartın problemlə bağlı kifayət qədər sərt danışması buna sübutdur: “İnsanların mütəmadi olaraq ölkəyə gətirilib sərhədə göndərilməsi həm insan haqlarının pozulması, həm də şantajdır. Biz bununla razılaşmayacağıq. Avstriya Polşa və Litva ilə həmrəydir və hesab edir ki, Avropa İttifaqı Minskdə məsul şəxslərə qarşı məqsədyönlü tədbirlər hazırlamalıdır".


Fransanın Aİ üzrə məsul dövlət naziri Klement Bone çərşənbə axşamı deyib: "Biz qonşularımız üçün pis nümunə ola biləcək bu hibrid müharibəyə sərt cavab verməliyik".

Aleksandr Lukaşenko isə rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Hər iki prezidentin mətbuat xidmətlərinin məlumatına görə, onlar Belarus-Polşa sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Yeri gəlmişkən Belarusun Sərhəd Xidməti bəyan edib ki, Polşa sərhədçiləri bu gün bir qrup kürd qaçqını döyüblər. İlkin məlumata görə, 4 nəfər xəsarət alıb. Zərərçəkənlər Polşada saxlanılıb, orada müdafiə və qaçqın statusu istəməyə cəhd ediblər.
“Miqrantların bədənlərindəki çoxsaylı xəsarətlərdən bəlli olur ki, Polşa təhlükəsizlik qüvvələri insanlara qarşı vəhşicəsinə davranaraq onları sərhəddəki tikanlı məftillərdən zorla çıxarıblar”, - məlumatda bildirilir.

Göründüyü kimi, vəziyyət gərginləşməkdə davam edir. Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı ölkələrinin Minsklə danışıqlara getməsi mümkün deyil, demək olar ki, bütün körpülər yandırılıb. Hələ ki, Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq etməklə hədələyib. Çərşənbə axşamı Aİ Belarus rəsmiləri üçün sadələşdirilmiş viza verilməsi prosedurunu ləğv etmək qərarına gəlib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Belarus   Polşa   Sərhəd-gərginliyi  





Xəbər lenti