Parisdə Qarabağa dair debat keçirilib

   Parisdə Qarabağa dair debat keçirilib
  10 Noyabr 2021    Oxunub:687
Parisdə Azərbaycan səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasını birgə təşkilatçılığı ilə münaqişədən sonrakı mərhələyə həsr edilmiş “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycanın Qələbəsi ilə başa çatmış Vətən müharibəsindən sonra regionda sülh, təhlükəsizlik və əməkdaşlıq perspektivləri, Fransanın bu istiqamətdə görə biləcəyi işlərə dair fikir mübadiləsi və müzakirələr aparılıb.

Debatda səfir Rəhman Mustafayev, Milli Məclisin deputatları Soltan Məmmədov, Eldar Quliyev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber, eləcə də Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, digər deputat və senatorlar, KİV rəhbərləri, Fransa Milli Assambleyası administrasiyasının üzvü, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirin moderatoru, “Conflits” və “Causeur” jurnallarının nəşr direktoru Jil Mihaeli mövzu ilə bağlı məlumat verərək, sözü Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jerom Lamberə verib. Fransız deputat Qarabağ müharibəsinə, Fransa -Azərbaycan münasibətlərinə toxunub. Bildirib ki, Azərbaycanın yaratdığı sülhün davamlı olmasına beynəlxalq ictimiayyətində töhfə verməlidir. Bu gün azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilmədiyini, onların erməni minaları ilə üzləşdiklərini xatırladıb.

“Biz Azərbaycanın dostlarıyıq, dostu olaraq qalacağıq. Çalışacağıq ki, fransız şirkətləri də azad olunmuş torpaqlarda quruculuq işlərinə töhfə versinlər”, -deyə J. Lamber debata qoşulan azərbaycanlı deputatlara ölkəmizin sadiq dostları olduqlarını bildirib. Bir il sonra müharibənin başa çatması və yeni mərhələnin başlanması ilə bağlı debatın təşkilinin əhəmiyyətinə toxunub.

Səfir Rəhman Mustafayev çıxışında münaqişənin həll edildiyini, münaqişədən sonrakı dövrdə bəzi çətinliklərin olduğunu deyərək, məcburi köçkünlərimizin erməni minalarına görə hələ də doğma evlərinə qayıda bilmədiklərini vurğulayıb. Münaqişədən sonrakı dövrdə qarşıda duran prioritetlərdən danışıb.

Milli Məclisin deputatı, Azərbaycan–Fransa parlamentlərarası dostluq qrupunun prezidenti Soltan Məmmədov ötən il erməni hərbi təxribatlarına cavab olaraq Ordumuzun əks-hücum əməliyyatına başlamalı olduğunu deyib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində ərazi bütövlüyümüz bərpa olunub. Ordumuzun Qələbəsi tarixi ədaləti bərpa edib. Ermənistanın işğal etdiyi ərazilərimizi 30 il ərzində yerlə-yeksan etməsindən, bütün infrasturkturu, evləri dağıtmasından, azad edilmiş ərazilərimizdə dövlətimiz tərəfindən aparılan quruculuq işlərindən danışıb. Prezident İlham Əliyevin müəllifi olduğu Böyük Qayıdışdan, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən söz açıb. Ermənilərin heç bir həyat əlaməti qoymadıqları torpaqlarımızda yenidənqurma işlərinin başladığını deyib. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, “Araz vadisi iqtisadi zona” Sənaye Parkı, Zəngəzur dəhlizinin təməlinin qoyulması haqqında məlumat verib.

Vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ekspertlər qrupu işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəniyyət abidələrinin bərpası ilə bağlı işlərə başlayıb. O, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada aparılan bərpa işlərindən danışıb. Ermənistanda bir nəfər də azərbaycanlı olmamasına baxmayaraq, Azərbaycanda bu gün 30 mindən çox erməni yaşadığını bildirib.

Diplomat regionda sülhün, sabitliyin bərqərar olmasında Fransanın roluna toxunub. O, ermənilərin törətdiyi dağıntıları öz gözləri ilə görmələri üçün fransız deputatları ölkəmizə dəvət edib.

Debatda Ağdama, Füzuliyə, eləcə də bir neçə gün əvvəl Şuşaya səfər etmiş fransız deputatlar azad olunmuş ərazilərimizdə işğal illərində ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı gördüklərini, təəssüratlarını bölüşüblər.

Bildirilib ki, Ermənistan hökuməti, eləcə də digər aidiyyəti ölkələr, xüsusilə də ATƏT-in Minsk qrupuna üzv dövlətlər regionda yaranmış reallığı qəbul etməli və öz fəaliyyətlərini bu reallığa uyğunlaşdırmalıdırlar.

AzVision.az



Teqlər: Fransa   Debat  





Xəbər lenti