Avropada yeni anti-Türkiyə isteriyası başlayıb

“Ankara Moskvanın NATO-dakı “Troya atı”dır”

   Avropada yeni anti-Türkiyə isteriyası başlayıb
  11 Noyabr 2021    Oxunub:1851
Belarus-Polşa sərhədində miqrantlarla bağlı gərginlik davam edir. Bu arada böhranın öhdəsindən gələ bilməyən Avropa Rusiya və Türkiyəyə qarşı ittihamlar səsləndirməkdədir. Avropa İttifaqının rəsmiləri bildirirlər ki, Türkiyə bu prosesdə Moskvaya kömək edir. Belə ki, İstanbuldan Minskə uçan Türk Hava Yollarının (THY) və Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarələri qaçqınları və sığınacaq axtaranları görməzliyə vururlar.
Polşanın baş naziri Mateuş Moravetski də ölkə parlamentində keçirilən dinləmələrdə miqrasiya problemində Türkiyəni günahlandırıb: “Bir neçə ay əvvəl Türkiyə bizimlə sıx əməkdaşlıq etmək istəyirdi. Gördük ki, yanğınların söndürülməsində, türk turizm sektorunun canlanmasında göstərdiyimiz kömək birtərəflidir. Bu, xoşumuza gəlmədi”. Üstəlik, baş nazir Türkiyənin hərəkətlərinin Rusiya və Belarus ilə tam sinxronlaşdırıldığını deyib.

Almaniya Federal Polis Birliyinin rəhbəri Heiko Teqqats qaçqınların Belarusa Türk Hava Yolları və Rusiyanın “Aeroflot” şirkətinin təyyarələri ilə gətirildiyini iddia edib.

İttihamlar Polşa mətbuatında da yer alıb. Ölkə mətbuatı yazır ki, Varşava Rusiyaya qarşı Türkiyə ilə hərbi-siyasi müttəfiqliyə ciddi ümid edirdi. Polşa Rusiya və ya Belarusla silahlı toqquşma zamanı istifadəsinə ümid etdiyi türk pilotsuz təyyarələrini alıb. Türkiyə hakimiyyətinin Krımla bağlı mövqeyi Varşavanı da heyran edib. Lakin hər şey gözlənildiyi kimi olmadı. “Defense24”ə görə, ekspertlər dəfələrlə Türkiyəni Rusiyaya qarşı müttəfiq kimi qəbul etməyin mümkünsüzlüyü barədə xəbərdarlıq ediblər.

- Faktik olaraq, Türkiyə NATO-da Moskvanın “Troya atı”na çevrilib, - sayt yazır.- Türkiyə ilə əməkdaşlıq lehinə arqumentlər ona əsaslanırdı ki, bu ölkə tarixən Rusiya ilə döyüşüb, Yunanıstan və Kipr isə ənənəvi olaraq Rusiyanın tərəfdaşı olublar. Amma sonda “Türk Hava Yolları” miqrantları İraqdan Minskə daşımağa başladı”.
Məqalədə vurğulanıb ki, türklər miqrantların Polşa sərhədinə göndərildiyini yaxşı bilirlər. Üstəlik, Türkiyə Belarusa uçuşların sayını artırıb, İraq isə birbaşa uçuşları dayandırıb.


- Əslində Türkiyə ilə Rusiya arasındakı tarixi münaqişələrə istinad etmək faktlarla manipulyasiyadır. Axı indi Türkiyə və Rusiyanın Yaxın Şərqdəki maraqları bir-birinə bağlıdır. Bundan başqa, beynəlxalq siyasəti “dost-düşmən” kateqoriyası prizmasından qavramaq infantilizmdir: Türkiyə-Rusiya münasibətləri konyunktur xarakter daşıyır. Unutmaq olmaz ki, həm Moskva, həm də Ankara Qərbi zəiflətmək istəyir və Polşanı Qərbin tarixi parçası kimi qəbul edirlər. Qərbin və Türkiyənin Yaxın Şərqdə maraqları üst-üstə düşmür, məsələn, Ankara üçün Polşadansa, Moskva ilə əməkdaşlıq etmək daha sərfəlidir,- sayt yazır.

Rəsmi Ankara ittihamları rədd edib. Tükiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu polşalı həmkarı Zbiqnev Rau ilə telefon danışığında sərhəddəki qaçqın böhranını müzakirə edib. Çavuşoğlu deyib ki, Türkiyənin problemin tərəfi olmamasına baxmayaraq, məsələnin bir parçası kimi göstərilməyə çalışılmasından, bu kontekstdə Türk Hava Yollarına (THY) qarşı əsassız iddialardan təəssüflənir. O, həmkarına bu iddialarla bağlı ictimaiyyətin lazımi şəkildə məlumatlandırılmasının lazım olduğunu deyib, bunun üçün Polşadan texniki qrupların Türkiyəyə gəlməsini təklif edib.

“THY” da iddiaları təkzib edərək, bütün dünyaya uçuşlarda təhlükəsizliklə bağlı məqamların nəzərə alındığını və beynəlxalq orqanlarla əməkdaşlıq etdiyini açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Miqrant-böhranı  





Xəbər lenti