Polşa Belarusla sərhəddə hasar tikintisini gələn il tamamlayacaq

Polşa Belarusla sərhəddə hasar tikintisini gələn il tamamlayacaq
  15 Noyabr 2021    Oxunub:713
Polşa hakimiyyəti Belarusla sərhəddə yeni beton hasarın tikintisini 2022-ci ilin birinci yarısında başa çatdırmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Maçey Vonsik deyib.

“Biz bu layihəni gələn ilin birinci yarısında başa çatdırmaq istəyirik”, - söyləyən nazir müavini başqa təfərrüatları açıqlamayıb. Onun sözlərinə görə, hakimiyyət müqavilələr imzalanana qədər dəqiq məlumat ötürməkdən yayınmaq qərarına gəlib.

"Miqrasiya böhranının başlanğıcında Polşa Belarusla sərhəddə tikanlı məftilli hasar çəkdi, lakin bu, miqrantlar üçün ciddi maneəyə çevrilmədi. Yeni və daha etibarlı struktur Polşaya 1 615 milyard zlotiyə (təxminən 414 milyon dollar) başa gələcək ki, bunun da 115 milyon zlotı texniki avadanlıqlara - sensorlar, müşahidə avadanlığı və digər müasir alətlərə xərclənəcək. Bütün bu vəsaitlər ölkə büdcəsindən ayrılacaq. Dekabrın əvvəlində tikintiyə başlanmalıdır", - Vonsik əlavə edib.

Ölkənin Belarusla sərhədinin ümumi uzunluğu 418 km-dir.

Nazir müavini deyib ki, ötən gecə Polşa-Belarus sərhədində sakit keçib: "Gecə sakit keçdi. Xüsusi heç nə baş vermədi. Hazırda Polşa-Belarus sərhədində 4 min sərhədçi, 2 min polis, Polşa ordusunun 15 min əsgəri var. Bunlar əhəmiyyətli qüvvələrdir".

Onun sözlərinə görə, sərhədçilər cari ildə Polşa-Belarus sərhədini qanunsuz keçməklə bağlı 33 mindən çox cəhdin qarşısını alıblar ki, bu da ötən illə müqayisədə 370 dəfə çoxdur.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Polşa   Belarus  





Xəbər lenti