"Nizami" baletinin premyerası keçiriləcək

"Nizami" baletinin premyerası keçiriləcək
  15 Noyabr 2021    Oxunub:1199
Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcək. Premyera adı və şöhrəti vətəndən çox-çox uzaqlarda belə məşhur olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
AzVision.az xəbər verir ki, tamaşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş "Nizami ili" çərçivəsində baş tutan ən dəyərli layihələrdən biridir və məhz bu tamaşa ilə Mədəniyyət Nazirliyinin keçirdiyi yubiley həftəsi başa çatacaq.

Tamaşanın musiqi rəhbəri və dirijoru Respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduzdur. Tamaşanın xoreoqrafiyasını Azərbaycanın Xalq artisti, balet truppasının bədii rəhbəri, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova həyata keçirib. Quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Tamaşa heç şübhəsiz ki, Azərbaycan milli balet sənəti tarixində parlaq hadisələrdən biri kimi önəmli yer tutacaq və uzun illər boyu balet sevərlərin zövqünü oxşayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Nizami-Gəncəvi  





Xəbər lenti