Papikyan müvəqqəti olaraq müdafiə naziri təyin edilib - KİV

 Papikyan müvəqqəti olaraq müdafiə naziri təyin edilib -  KİV
  16 Noyabr 2021    Oxunub:1051
Ermənistanın baş nazirinin keçmiş müavini Suren Papikyan müdafiə naziri vəzifəsində müvəqqəti olaraq çalışacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Qəzet Ermənistan hökumətindəki mənbələrə istinadən qeyd edib ki, Paşinyan Papikyana sırf Müdafiə Nazirliyində nələrin baş verdiyini anlamaq məqsədi ilə bu vəzifəni həvalə edib: "Məsələ burasındadır ki, Müdafiə Nazirliyinin daxilində “döyüş" gedir, hərbi məmurlar bu və ya digər işlərin məsuliyyətini başqalarının öhdəsinə buraxır, bir-birini yuxarı instansiyalarda "vururlar". Paşinyan Müdafiə Nazirliyini “silkələmək” niyyətindədir, nəticədə çoxlu rəhbərlər, o cümlədən yüksək rütbəli hərbçilər, xüsusən də Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri, generallar vəzifələrini itirəcəklər".

Suren Papikyan Ermənistan prezidentinin bu il 15 noyabr tarixli fərmanı ilə müdafiə naziri təyin edilib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dördüncü dəfədir dəyişir. Müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci ilin noyabrın 20-də işdən çıxarılıb. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olundu. O, 2021-ci ilin iyulun 20-də vəzifəsində azad olunub. Həmin ilin avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. O, noyabrın 15-də vəzifəsindən uzaqlaşdırılıb.

Arşak Karapetyan bir neçə gün əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə səfər etmişdi. Bu da öz növbəsində rəsmi Bakının haqlı narazılığına səbəb olmuşdu və Azərbaycan xalqını hiddətləndirmişdi.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Ermənistan  



Xəbər lenti