Ukrayna Ombudsmanına Saakaşvili ilə görüşə icazə verilmədi

Ukrayna Ombudsmanına Saakaşvili ilə görüşə icazə verilmədi
  16 Noyabr 2021    Oxunub:540
Ukraynanın Ombudsmanı Lyudmila Denisovanın həbsdə olan Gürcüstanın eks-prezidenti Mixael Saakaşviliyə baş çəkməsinə icazə verilməyib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

Onun sözlərinə görə, imtinanın səbəbi bu məqamın ölkə qanunvericiliyində nəzərdə tutulmamasıdır.

"Gürcüstan qanunvericiliyində Ukraynanın Xalq müdafiəçisinin həbsxanaya buraxılması nəzərdə tutulmayıb. Buna ehtiyac yoxdur. Biz bunu etməyə məcbur deyilik", - Breqadze bildirib.

O deyib ki, Gürcüstan tərəfi Ukraynadan olan həmkarlarının müraciətinə cavab verəcək və imtinasını əsaslandıracaq.

Denisova həbsxanada Saakaşviliyə baş çəkmək və Gürcüstanın keçmiş liderinin şəraiti ilə tanış olmaq üçün bazar ertəsi Tbilisiyə gəlib. Bu, Ukrayna Ombudsmanının Tbilisiyə ikinci səfəridir. O, ilk dəfə Saakaşviliyə oktyabrın 27-də, sabiq prezident Rustavi şəhərində həbsxanada olarkən baş çəkib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna-Ombudsmanı   Mixael-Saakaşvili  





Xəbər lenti