Azərbaycanda əhalinin 12 faizi pensiya alır

Azərbaycanda əhalinin 12 faizi pensiya alır
  16 Noyabr 2021    Oxunub:912
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, bu ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artırılaraq 3566,0 milyon manata çatdırılıb. Vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, 2021-ci il oktyabrın 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 201 min 300 nəfər pensiyaçı qeydiyyatdan keçib və bu, ölkə əhalisinin 12 faizini təşkil edir. Onların 59,1 faizi yaşa, 29 faizi əlilliyə, 11,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 9,4 faiz artaraq 330,6 manat təşkil edib və orta aylıq əməkhaqqının 45,7 faizinə bərabər olub.

Ölkəmizdə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il fevralın 5-də imzaladığı Sərəncama əsasən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti