Prezident təqaüdü alanların sayı açıqlanıb

   Prezident təqaüdü alanların sayı açıqlanıb
  16 Noyabr 2021    Oxunub:1419
Əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.
Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, bu il oktyabrın 1-nə olan məlumata görə, yaşa görə müavinət alanların sayı 111,9 min nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə 153,7 min nəfər, ailə başçısını itirməyə görə 48,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,2 min nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min nəfər olub.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 225 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Cernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin və müddətli hərbi xidmət qulluqçularının 6,9 min ailəsinə 11,1 min uşaq üçün aylıq müavinət ödənilib. Bundan əlavə, 1255 nəfər bir yaşınadək uşağı olan 1224 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,4 min qadına 9,3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 325 şəxsə isə kompensasiya verilib.

2021-ci ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 48,8 min ailəyə 49,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 4,7 min nəfərə birdəfəlik müavinət ödənilib.

2021-ci il oktyabrın 1-nə olan məlumata əsasən 52,5 min aztəminatlı ailənin 225,8 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 61,78 manat təşkil edib.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 298,1 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

AzVision.az


Teqlər: Prezident   Təqaüd  





Xəbər lenti