"Erməni təxribatının arxasında dayanan güclər var" - Göksəl Gülbey

 "Erməni təxribatının arxasında dayanan güclər var" -  Göksəl Gülbey
  17 Noyabr 2021    Oxunub:2902
"Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatlara geniş bucaq altında baxmaq lazımdır. Təxribatda silahı tutan erməni olsa da, o silahı tutuzduranlar var". Bunu AzVision.az-a açıqlamasında Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Assosiasiyasının İdarə heyətinin sədri Göksel Gülbey bildirib.
O, Ermənistan ordusunun təxribatlarını PKK-nın törətdiyi terror aktları ilə eyniləşdirib:
- Ermənilər "vur və qaç" taktikasını çox gözəl bilir. PKK terror qruplaşması da bu taktikanı həyata keçirir. Çünki PKK-nın yaranmasında və formalaşmasında ermənilər aktiv rol oynayıblar. Vaxtilə Qarabağ ərazisində 12 düşərgədə PKK-ya dəstək verib, bəsləyib və təlim keçiblər.

G. Gülbeyin sözlərinə görə, üçtərəfli müqavilədən sonra Ermənistanın təxribatlar törədəcəyi bəlli idi: “Azərbaycan əsgərlərinə qumbara atılması təxribatların bariz nümunəsidir. Mənzərəyə dar bucaqdan baxmaq lazım deyil. Rusiya sülhməramlılarının nın 5 illik mandatı var. Əgər bir problem olmasa, dörd ildən sonra Rusiya Qarabağdan çıxacaq. Çıxmaması üçün 16 noyabrdakı kimi hadisələr olmalıdır. Erməni ordusunun daxilində Rusiyanın tərəfdarı olan bir çox zabitlər var. Rusiyanın mandatını uzatmaq üçün həmin zabitlərin vasitəçiliyi ilə problemlər yaradılır".

Onun sözlərinə görə, burada İranın da marağı var. Çünki Zəngəzur dəhlizi İrana sərf etmir. Bu ölkə blokada şəraitində olan Naxçıvana gediş-gəlişə icazə verdiyi üçün müəyyən mənada Azərbaycanı özündən asılı vəziyyətdə saxlayırdı. Eyni zamanda, türk ölkələrinə gedən tranzit yük maşınıları da məcburən İrandan keçirdi. Əgər Zəngəzur dəhlizi açılsa, daşınmalar İğdır-Naxçıvan-Xəzər yolu ilə həyata keçiriləcək. Bu isə İranın böyük iqtisadi itki ilə üzləşməsinə səbəb olacaq. Ona görə, İranın ən böyük qorxusu Zəngəzur dəhlizinin açılması və Ermənistanı itirməsidir. Çünki İran ona tətbiq olunan blokadanı ancaq Ermənistan vasitəsilə aşa bilirdi. Ermənistana pul ödəyib, Avropadan özünə lazım olanları təmin edə bilirdi. Bu səbəbdən, İsraili sadəcə bəhanə edir”.

Ekspert həmçinin İsrail-Azərbaycan münasibətlərinə də toxunub: “Vaxtilə Peyğəmbərimiz də yəhudilərlə anlaşmalar edib. Yəni İranın dedikləri sadəcə bəhanədir. Bu səbəbdən də 16 noyabrda baş verənləri təkcə Ermənistanla əlaqələndirmək lazım deyil. Qonşu ölkələrin, xüsusən də Rusiya və İranın da bölgədə müxtəlif maraqları var. Silahı Ermənistan tuta bilər, amma arxada onu öyrədən, qızışdıran, təlimatlandıran ölkələr var”.

- Ermənistan Rusiyanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına kömək etməsi ilə bağlı müraciət ünvanladı. Bu, Ermənistanın Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini qəbullanması idi,- deyən Gülbey vurğulayıb ki, Ermənistanın Azərbaycanla müharibə aparmağa heç bir gücü qalmayıb. Bu, onun üçün intihar olar.

O, əlavə edib ki, erməni təxribatlarından sonra Qərb ölkələrinin ikili standartlardan çıxış etməsi birbaşa Türkiyə ilə əlaqəlidir: “Qərb ölkələri Türkiyənin bölgədə aktiv fəaliyyət göstərdiyini, müxtəlif çağırışlar etdiyini gördülər və türklərlə hesablaşmalı olduqlarını anladılar. Bu səbəbdən Amerika və digər Qərb ölkələrinin Türkiyənin əleyhinə gedərək, Ermənistana açıq dəstək verəcəklərini düşünmürəm”.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   İsrail  



Xəbər lenti