Azərbaycan UNESCO üzvlərinə minnətdarlığını bildirib

Azərbaycan UNESCO üzvlərinə minnətdarlığını bildirib
  17 Noyabr 2021    Oxunub:766
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının 2021-2025-ci illər üzrə UNESCO İcraiyyə Şurasına üzv seçilməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən AzVision.az - a verilən məlumatda deyilir ki, noyabrın 17-də UNESCO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində təşkilatın İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış üç vakant yerdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü. Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

“Ölkəmizin namizədliyinin çoxlu sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahələrinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir. UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO-nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək.

Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə minnətdarlığını bildirir”, - məlumatda vurğulanıb.

AzVision.az



Teqlər: Azərbaycan-XİN   UNESCO  





Xəbər lenti