ABŞ 20 milyon dollar oğurlamış ermənilərin axtarışında

   ABŞ 20 milyon dollar oğurlamış ermənilərin axtarışında
  18 Noyabr 2021    Oxunub:804
ABŞ-dakı ermənilərin daha çox məskunlaşdığı Kaliforniya ştatında erməni əsilli ər-arvad Riçard Ayvazyan və Marietta Terabelyan COVİD-19-la mübarizədə yardım fondlarından fırıldaq yolu ilə 20 milyon dollardan artıq pul aldıqlarına görə qiyabi qaydada həbs cəzasına məhkum olunublar. Bu barədə ABŞ-ın Ədliyyə nazirliyi xəbər yayıb.
AzVision.az xəbər verir ki, sövdələşməyə, bank fırıldağına və pulların yuyulmasına görə 43 yaşlı Riçard Ayvazyana 17, onun arvadı Marietta Terabelyana isə 6 il həbs cəzası kəsilib. Lakin erməni cütlüyü qaçdığından onlar qiyabi qaydada məhkum olunublar. Federal məmurlar onların hələ avqustun sonlarında izləyici qolbaqları söndürdüklərini bildiriblər.

Hökmü oxuyan hakim Stiven Uilson Riçard Ayvazyanı “qanuna hörmət etməyən, möhtəkirliyi uğur sayan qəlbsiz fırıldaqçı” adlandırıb. O, Ayvazyanın 41 yaşlı qardaşı Arturu da beş il müddətinə azadlqıdan məhrum edib.

Bu ilin iyununda federal münsiflər heyəti Riçard və Artur Ayvazyanları, habelə Marietta Terabelyanı bank fırıldaqçılığı və elektron vasitələrin istifadəsi yolu ilə fırıldaqçılığın həyata keçirilməsi məqsədi ilə sövdələşmədə günahkar sayıb. Ayvazyanlar habelə insanlar haqqında şəxsi məlumatların daha ağır formada oğurlanmasına görə məhkum ediliblər.

Hazırda Riçard Ayvazyanın və onun arvadı Marietta Terabelyanın axtarışı ilə məşğul olan ABŞ-ın Federal təhqiqatlar bürosu, onların yeri barədə məlumata görə 20 min dollar mükafat təklif edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   ermənifırıldağı  



Xəbər lenti