Aİ rəsmisi Bakıya səfər edib

Aİ rəsmisi Bakıya səfər edib
  18 Noyabr 2021    Oxunub:859
Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktor vəzifəsini icra edən Maçye Popovski Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planını hökumətdəki əsas həmkarları ilə müzakirə etmək və onun Azərbaycanda icrasını təşviq etmək üçün noyabrın 17-18-də Bakıda rəsmi səfərdə olub.
AzVision.az xəbər verir ki, Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planı pandemiyadan sonrakı sosial-iqtisadi bərpanı dəstəkləmək, layiqli iş yerləri yaratmaq, innovasiyanı təşviq etmək və Şərq Tərəfdaşlığı regionunda yaşıl və rəqəmsal keçidi sürətləndirmək baxımından nadir imkan yaradır. Aİ-nın blendinq və zəmanətlərin təmin edilməsi kimi innovativ dəstək alətlərindən istifadə etməklə plan Şərq Tərəfdaşlığının bütün ölkələri üçün 17 milyard avroya qədər dövlət və özəl sərmayəni cəlb etmək məqsədilə 2,3 milyard avroya qədər Aİ maliyyəsini səfərbər etmək məqsədi daşıyır.

Baş direktorun səlahiyyətlərini icra edən məsul şəxsin səfəri komissar Varhelinin iyul ayında Azərbaycana səfərinin birbaşa davamıdır. O zaman komissar yeni işə salınmış İqtisadi və İnvestisiya planını və onu müşayiət edən Azərbaycan üzrə beş flaqman təşəbbüsü təqdim etmişdir. Bakı Limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizi, KOM-lara dəstək, kənd yerlərinin innovativ inkişafı və yaşıl şəhərlər olan bu flaqman təşəbbüslər ölkəyə əhəmiyyətli həcmdə investisiyaların cəlb edilməsi, iş yerlərinin yaradılması və davamlı iqtisadi artım baxımından böyük potensiala malikdir.

Birgə işə başlamaq və əsas investisiya imkanlarını müəyyən etmək üçün noyabrın 18-də Aİ-nin, beynəlxalq maliyyə institutları, hökumət və əsas müəssisələrin nümayəndələrinin bir araya gəldiyi blendinq üzrə xüsusi seminar keçirildi. Baş Direktor vəzifəsini icra edən Maçye Popovski, Aİ Nümayəndəliyinin rəhbəri Piter Mixalko və iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Aİ və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş seminarı birgə açdı.

Baş direktor vəzifəsini icra edən Maçye Popovski qeyd edib: “Aİ, məsələn, Tvinninq və TAIEX vasitəsilə Aİ təcrübəsi və ən yaxşı təcrübələrin gətirilməsində Azərbaycanın sabit tərəfdaşı olmuşdur. İqtisadi və İnvestisiya Planının bütün potensialını üzə çıxarmaq üçün Azərbaycanla əl-ələ verib tərəfdaşlığımızı yeni səviyyəyə qaldırmağa hazırıq. Azərbaycana baş tutan missiyam onu göstərdi ki, Azərbaycanda investisiya potensialı ilkin olaraq göstərilən səviyyələrdən artıq ola bilər. Azərbaycan və Şərq Tərəfdaşlığı regionunda vətəndaşların gündəlik həyatında müsbət dəyişiklik etmək üçün Aİ Hökumət, özəl sektor və beynəlxalq maliyyə institutları ilə birlikdə işləməyə olduqca hazırdır”.

Aİ Nümayəndəliyinin rəhbəri Piter Mixalko deyib: “Biz birlikdə işləməyə və Azərbaycanla tərəfdaşlığımızı daha da gücləndirməyə hazırıq. Blendinq üzrə seminar strateji prioritetləri birgə müzakirə etmək, Aİ-nin innovativ alətlərini praktikada tətbiq etmək və investisiya yaratmaq üçün əla fürsətdir”.

AzVision.az



Teqlər: Avropa-İttifaqı   Azərbaycan  





Xəbər lenti