“AzerGold” kollektivi Milli Dirçəliş Günü münasibətilə 2000 ağac əkdi

   “AzerGold” kollektivi Milli Dirçəliş Günü münasibətilə 2000 ağac əkdi
  18 Noyabr 2021    Oxunub:1669
17 noyabr – Milli Dirçəliş Günü münasibətilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə təşkil edilən aksiyada “AzerGold” QSC-nin kollektivi iştirak edib. Aksiya çərçivəsində təqribən 1 hektar ərazidə yerli şəraitə uyğun, ümumilikdə 2000-ə yaxın ting əkilib, həmçinin xüsusi ayırılmış əraziyə palıd toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

Xatırladaq ki, “Çovdar” mədənində bu cür ekoloji tədbirlər mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində mədənin 15 hektardan çox ərazisində 10 000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasında istifadə edilməsi məqsədi ilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib.

Qeyd edək ki, “AzerGold” QSC metal filizi yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işləri icra edilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillər aparılır. Bununla yanaşı, istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanunamüvafiq şəkildə idarə olunur, istehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar – civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emala yönəldilir.











AzVision.az



Teqlər: Azergold   Agacəkmə   Aksiya  





Xəbər lenti