“Nizami” baleti yenidən Opera və Balet Teatrının səhnəsində

  “Nizami” baleti    yenidən Opera və Balet Teatrının səhnəsində
  20 Noyabr 2021    Oxunub:2484
Noyabrın 20-də “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baleti yenidən səhnəyə qoyulub.
AzVision.az xəbər verir ki, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, görkəmli bəstəkar Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulmuş tamaşa teatrın dahi Nizaminin poetik sənətinin valehedici inciləri, onun çoxşaxəli, mistik, cazibədar dünyası ilə əlaqə yaratmaq üçün bir təşəbbüsüdür.

Xoreoqrafik triptix kimi düşünülmüş və həyata keçirilmiş baletdə böyük şairin həyatının üç məqamı - şair və hakimiyyət, şair və məhəbbət, şair və ilham pərisi təsvir olunur.

Nizami poeziyasının real və xəyali aləmi tamaşada vəhdət təşkil edir. “Zaman axını” böyük ustadın parlaq irsini – “Sirlər xəzinəsi”ni açıb göstərir. Ardınca isə ən sonda "Əbədiyyət"ə (şairin ölümsüzlüyü) qovuşmaq üçün "Tarixin səhifələri" (onun poemalarının canlanan qəhrəmanları) canlanır.

... Səhnədə dünyanın bütün ağrı-acısını dadmış, həyatda həm sevinc, həm kədər yaşamış, poetik dilin sehrini anlamış, ən gözəl əsərlərin yaradılışı üçün ona ilham verən sevgini duymuş ağsaçlı şair görünür. Məşhur "Xəmsə"də vəsf etdiyi qəhrəmanlar onun gözləri önündən cərgə ilə ötüb keçir. Ölməz poemaların qəhrəmanları - Leyli və Məcnun, Xosrov və Şirin, Bəhram və Yeddi gözəl, İsgəndər... rəqslərdə canlanırlar. Nə qədər ki, Yer üzərində məhəbbət, sədaqət, inam mövcuddur, nə qədər ki, böyük Nizaminin poeziyası yaşayır, onun yaratdığı qəhrəmanlar da əbədi yaşayacaq və var olacaqlar.

Tamaşanın musiqi rəhbəri və dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

AzVision.az


Teqlər:





Xəbər lenti