Gürcüstanda onlayn kazinolar qadağan ediləcək

Gürcüstanda onlayn kazinolar qadağan ediləcək
  22 Noyabr 2021    Oxunub:829
Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında ölkədə onlayn kazinoların qadağan edilməsinin vacibliyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qaribaşvili bildirib ki, Gürcüstanda qumar aludəçilərinin böyük əksəriyyəti işsiz və ehtiyacı olan insanlardır.

"Birinci mərhələdə onlayn kazinolar üçün vergi ödənişlərinin artırılmasını, reklamın qadağan edilməsini və yaş baryerinin (oyunçular üçün - red.) 25 yaşa qədər qaldırılmasını düşünürük. İkinci mərhələdə isə onlayn kazinolar ümumiyyətlə qadağan olunacaq”, - Qaribaşvili deyib.

Baş nazir vurğulayıb ki, onlayn kazinoların fəaliyyəti nəticəsində Gürcüstan artıq 1,5 milyard lari itirib, çünki bu şirkətlərin əksəriyyəti xarici şirkətlərdir: "Gənclərimiz hər gün onlayn kazinolarda oynayır və pul itirir, bu məbləğ 1,5 milyard təşkil edir. Məsələ ilə bağlı mən iqtisadi komanda ilə danışdım. Birinci mərhələdə Maliyyə Nazirliyi onlayn kazino sahibləri üçün vergi ödənişlərinin artırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış edəcək. Onların əksəriyyəti bu gün xarici şirkətlərdir. Təəssüf ki, bizim vətəndaşların pulları xaricə axır”.

Qeyd edək ki, qumar oyunları Gürcüstanda geniş yayılıb. Sektorun gəlirləri hətta bankları da üstələyir. Son məlumatlara görə, Gürcüstanda yeddi onlayn kazino, 90 lotereya və 6,4 minə yaxın qumar maşını var. Gürcüstanda qumar aludəçilərinin sayına dair rəsmi statistika yoxdur. QHT-lər isə ölkədə 700 min qumarbazın olduğunu iddia edirlər. Bu da Gürcüstanda hər beşinci sakinin qumarla məşğul olması deməkdir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   qumar  





Xəbər lenti