"Nizami" baletinin premyerası keçirilib

"Nizami" baletinin premyerası keçirilib
  22 Noyabr 2021    Oxunub:1474
Noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin yubileyin qeyd olunması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq həyata keçirilən bu quruluş böyük şairin xatirəsinə həsr olunmuş bir töhfə olmaqla yanaşı həm də görkəmli bəstəkar Fikrət Əmirovun qiymətli musiqi irsinin yaşanması və təbliğ edilməsi məqsədini güdürdü. Teatrın balet truppasının ən qabaqcıl qüvvələrinin cəlb edildiyi tamaşa üzərində iş bir neçə ay davam edib. Nəhayət Mədəniyyət Nazirliyinin keçirdiyi Nizami Gəncəviyə həsr olunmuş festivalın əsas tədbirlərindn biri kimi premyera tamaşası baş tutub. Çox möhtəşəm keçən premyera tamaşasında iştirak etmək arzusunda olanların sayı həddən artıq çox olduğundan dekabrın 12-nə növbəti tamaşa təyin olunub.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələri və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeyster Xalq artisti, xoreoqrafiya üzrə professor Kamilla Hüseynova, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev, aranjemançı və musiqi redaktoru Xalq artisti, bəstəkar Musa Mirzəyevdir.

Əsas rollarda Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Nigar İbrahimova, Anar Mikayılov, Cəmilə Kərimova, Makar Ferştandt, solistlər Ayan Eyvazova, Timur Oduşev, Samirə Məmmədova, Nigar Əliyeva və b. çıxış ediblər.

Tamaşadakı vokal partiyasını Teatrın aparıcı solisti - Azərbaycan Respublikasının Əməkdar artisti Afaq Abbasova ifa edib.

Əsl musiqi və sənət bayramına çevrilən bu premyera tamaşası baletsevərlərə sonsuz sevinc və məmnunluq hissi bəxş etməklə yanaşı, artıq Teatrın repertuarına daxil olub və heç şübhəsiz ki, hələ uzun illər ərzində təqdim olunacaq.











AzVision.az


Teqlər: Nizami  





Xəbər lenti