“Mətbuata sədd qoyulmalıdır”

“Mətbuata sədd qoyulmalıdır”
  02 Aprel 2013    Oxunub:1386
“Hər gün ölüm səhnələrini görən, ağır xəbərlər eşidən və vizual görən insanların psixologiyasında dərin dəyişikliklər baş verir. Bir qisim insan gündəlik belə xəbərlərdən ağır depressiyalara düşür, bir qismi isə tədricən qəddarlaşır”
AzVision.az-ın məlumatına görə, bu haqda YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çıxış edib. O, hər gün telekanallarda və eləcə də mətbuatda kriminal xəbərlərin yayımlanmasına etiraz edib:

“Hər gün televiziya, internet monitorlarında və qəzet səhifələrində yol qəzaları və kriminal hadisələr haqqında xəbərlər ilk sətirlərdə verilir. Vətəndaşlarımız nəinki, hadisə haqqında xəbər tutur, hətta hadisənin müxtəlif formalarda şəkillərini və videosunu görürürük. Ölüm və bəzən parçalanmış insanların şəkillərini gün ərzində dəfələrlə görməyə məcbur olurlar. Yaxınlarını itirən şəxslərin fəryad dolu ağlaşmaları da tez-tez teleekranlardan həvəslə verilir.

Həbsxana həyatları, kriminal tarixçələr haqqında məqalələr isə qəzetlərin və internet səhifələrin mühüm hissəsini tutur. Artıq gündəlik həyatımızda kriminal və ölüm səhnələri mütləq iştirak edir.

Həyat elə qurulub ki, mütləq hardasa, hansısa ağır hadisə baş verir. Ancaq onun bütün təfərrüatları ilə hamının məlumatlandırılması artıq həyatımızın məzmununu tamam dəyişir. Gündəlik ölüm səhnələri səhnələri artıq cəmiyyətdəki yaşayışımızın tərkib hissəsinə çevirir. Artıq bizlələ hər gün ölüm hökmünü həyata keçirən, peşəsinə görə qan, kəsilmiş baş görən cəllad arasında heç bir fərq olmur.

Hər gün ölüm səhnələrini görən, ağır xəbərlər eşidən və vizual görən insanların psixologiyasında dərin dəyişikliklər baş verir. Bir qisim insan gündəlik belə xəbərlərdən ağır depressiyalara düşür, bir qismi isə tədricən qəddarlaşır.

Hər gün baş verən qətl və ölümlərin bütün xırdalıqları ilə cəmiyyətə göstərilməsinin mənasını başa düşə bilmirəm. Bu artıq cəmiyyətin psixoloji terrorudur. Bunun fəsadları özünü çox gözlətməyəcəkdir, nə qədər ki, gec deyil, buna bir son qoyaq.

Mətbuata bu qədər kriminal və ölüm səhnələrinin verilməsinə bir sədd qoymaq lazımdır, uşaqları, gəncləri, xəstələri, həssas insanları bu psixiloji terrordan qorumağın vaxtı gəlib çatıbdır. Ölüm və kriminal məsələləri ilə müvafiq orqanların məşğul olması kifayətdir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti