Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədi

 Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqlədi
  29 Noyabr 2021    Oxunub:1058
Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
AzVision.az xəbər verir ki, sənədə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.

Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.

Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.

AzVision.az



Teqlər: Təhsil  





Xəbər lenti