Anar Bağırov və Ələddin Cəfərov Mediasiya Şurasında olublar – FOTOLAR

   Anar Bağırov və Ələddin Cəfərov Mediasiya Şurasında olublar –    FOTOLAR
  01 Dekabr 2021    Oxunub:3572
Bu gün Mediasiya Şurasında “Açıq qapı” aksiyası keçirilib. Aksiya çərçivəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Məhkəmə Hakimləri İctimai Assosiasiyasının sədri Ələddin Cəfərov, Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov, Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyanın İdarə heyətinin sədri Günay Şahbazova Mediasiya Şurasında olublar.

Qonaqlar Şuranın İdarə Heyətinin sədri Nadir Adilovla görüşüb. Görüşdə həmçinin, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Sima Yaqubova, Komissiyanın üzvü Mayıl Əhməd, Şuranın İxtisas Komissiyasının üzvü Qasım Şalıyev də iştirak ediblər.


Nadir Adilov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi üzrə mühüm tədbirlər görülüb və bu sahədə islahatlar davam etməkdədir. O deyib ki, qısa zamanda fəaliyyət göstərməsinə baxmayaraq, Mediasiya Şurasına müraciətlərin sayında ciddi dinamika var.

Sədr müraciətlərə operativ şəkildə baxılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə görülən işlərdən də danışıb. Nadir Adilov Vəkillər Kollegiyası ilə əməkdaşlığa toxunaraq, Kollegiyanın sədri Anar Bağırova göstərilən dəstək və diqqətə görə təşəkkürünü bildirib.


Sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Mediasiya Şurasında qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirdiyini bildirib və təsisçilərindən biri kimi Mediasiya Şurasının işinə dəstək verməyə hər zaman hazır olduqlarını deyib. A.Bağırov N.Adilovun peşəkar idarəçiliyi sayəsində ölkəmizdə mediasiya institutunun qısa zamanda öz layiqli yerini tutacağına əminliyini vurğulayıb.


Daha sonra görüş iştirakçıları mediasiya ilə bağlı mövcud problemlərdən danışıb, sual və təkliflərini səsləndiriblər. Müzakirə zamanı vətəndaşlar və vəkillər arasında maarifləndirmə işlərinin aparılması, təlim-tədrisin təşkili, elektron sistemlərə inteqrasiya, işlərin bölünməsi prinsipi, iş bölgüləri üzrə ictimai şəffaflığın təmin edilməsi, regionlarda mediatorların fəaliyyəti və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda A.Bağırov Mediyasiya Şurasına hədiyyələr təqdim edib və fəaliyyətində uğurlar arzulayıb.


Teqlər: Mediasiya-Şurası  





Xəbər lenti