Frans-İosif arxipelağında yarmada yoxa çıxıb

Frans-İosif arxipelağında yarmada yoxa çıxıb
  03 Dekabr 2021    Oxunub:2417
"Rus Arktikası" Milli Parkının əməkdaşları Frans-İosif arxipelağındakı Eva-Liv adası ətrafında reyd zamanı Mesyatsev burnu ilə bitən yarımadanın demək olar ki, tamamilə əriməsini aşkarlayıblar.
AzVision.az xəbər verir ki, nəticədə yarımadanın ortasında eni üç kilometr olan boğaz əmələ gəlib.

"Müşahidələr nəticəsində belə qənaətə gəldik ki, burun tam buzlaq olub, ondan qalan hissə isə indi qum sahilində dayanan buzlaq parçalarıdır",- milli parkın direktoru Aleksandr Kirilov deyib.

O qeyd edib ki, bu adanın xəritəsi ötən əsrin ortalarında tərtib edilib və hazırda köhnəlib.

Bu, Eva-Liv adasının səyahətçiləri təəccübləndirdiyi ilk sürpriz deyil. 1894-cü ildə Fritof Nansen burada iki ada aşkarladığını güman etmişdi. Hətta onu iki adla adlandırıb: böyük adaya Eva, həyat yoldaşının şərəfinə, kiçik adaya isə qızının şərəfinə Liv adı verib. Sonradan məlum olub ki, bura Eva-Liv adlanan bütöv bir tək adadır. Adanın ərazisi ilbəil daha da azalır. Gələcəkdə onun hansı formada olacağı isə bəlli deyil.

Qeyd edək ki, Mesyatsev burnu olan yarımadanın Eva-Liv adasından qopması ilə bağlı xəbərlər 2017-ci ildə ortaya çıxmışdı. Yalnız indi bu məlumatı konkret faktlarla təsdiqləmək mümkün oldu.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ada   Arxipelaq  





Xəbər lenti