“Qara qutu” niyə narıncı olur? – Arayış

// Onun içindəkiləri dünyada ancaq bir neçə mərkəz oxuya bilir

   “Qara qutu” niyə narıncı olur? –    Arayış
  03 Dekabr 2021    Oxunub:8964
“Qara qutu” - zədələnməsi çətin, aşkar edilməsi asan bir predmetdir. Ona “bort qeydiyyat cihazı” da deyilir. “Qara qutu” kompüterin sərt diskinə və ya yaddaş kartına bənzəyən, xüsusi qorunan qeydiyyat aparatıdır. O, uçuşun və təyyarənin istismarının bütün vacib parametrlərini, eləcə də pilot kabinəsindəki söhbətləri qeydə alır və saxlayır.
Əvvəllər bu komponentlər bir-biri ilə əlaqəsi olmayan iki müstəqil cihazda yerləşirdi. Bu gün artıq hər iki funksiyanın birləşdirildiyi modellər istehsal olunur. Bununla belə, qaydalara görə, təyyarənin bortunda yenə iki belə birləşdirilmiş qeydiyyat cihazının olması zəruridir.

Bort qeydiyyat cihazlarından aviasiya və su nəqliyyatı vasitələrində əsas məlumatları - uçuş parametrlərini, sistemlərin daxili iş göstəricilərini, ekipajın danışıqlarını və s. qeyd etmək üçün istifadə olunur. Uçuş qeydləri aparatlarından alınan məlumatlardan hər uçuşdan sonra ekipajın hərəkətlərinə və hava gəmisinin iş qabiliyyətinə nəzarət etmək üçün, xüsusi hallarda isə qəzaların araşdırılmasında müntəzəm istifadə edilir. Obyektiv idarəetmə sistemi çox sayda sensorlardan (daxili və xarici), informasiya emalı bölmələrindən və ayrıca qeydiyyat (informasiya saxlama) cihazından ibarətdir.


XXI əsrin əvvəllərində element bazasının inkişafı və elektron komponentlərin maya dəyərinin azalması ilə əlaqədar bort qeydləri aparatları digər sahələrdə - su, dəmiryolu və avtomobil nəqliyyatında da tədricən genişlənir. Uçuş qeydiyyatı cihazı təyyarə mühərrikinin girişindəki yanacağın təzyiqi, hidravlik sistemlərdəki təzyiq, mühərrikin sürəti, turbinin arxasındakı qazın temperaturu və s. haqqında məlumat toplayan obyektiv idarəetmə sisteminin bir hissəsidir. Ekipajın hərəkətləri, idarə sistemindən kənaraçıxma dərəcəsi, qalxma və enmə mexanizminin yığışdırılması və buraxılması, döyüş düyməsinin basılması, naviqasiya, sürət və hündürlük, kurs, ötürücü mayakların keçilməsi və digər məlumatlar onda cəmləşir.

Təyyarələrə adətən iki registrator quraşdırılır: ekipajın danışıqlarını yazan səs qurğusu və uçuş parametrlərini qeydə alan parametrik cihaz. Bundan əlavə, müasir təyyarələrdə iki qeydiyyatçı komplekt var: 1) qoruyucu korpusu olmayan, uçuşdan sonra sistemlərin və ekipajın işinə nəzarət etmək üçün nəzərdə tutulan operativ (istismar) komplekt; 2) möhkəm möhürlənmiş qutuda olan qəza komplekti. İnformasiya optik (fotolent) və ya maqnit (metal məftil və ya maqnit lent) daşıyıcılarına qeyd oluna bilər. Son vaxtlar fleş yaddaş kartından geniş istifadə olunur.


"Qara qutu"lar zərbələrə tab gətirə bilməli və müxtəlif fövqəladə vəziyyətlərdə zədələnməməlidirlər. Onlar istifadəyə verilməzdən qabaq sınaqdan keçirilirlər; bort qeydiyyat cihazları 750 km/saat sürətlə beton divara çırpılmağa, ən azı beş dəqiqə ərzində 2,25 ton təzyiqə, ən azı bir saat ərzində 1100 dərəcəyə qədər temperaturlara tab gətirməli, suyun altında 6000 metrə qədər dərinlikdə qala bilməlidirlər.

Onların dənizdə tez tapılmasını təmin etmək üçün qurğular duzlu su ilə təmasda ikən avtomatik olaraq radio mayakını işə salır və onun siqnalını iki kilometr radiusda tutmaq olur. Bu radius böyük olmadığından xilasedicilər təyyarənin qalıqlarının təxmini yerini bilməlidirlər.

Bortdakı səsyazan təyyarənin kabinəsindəki bütün səsləri qeydə alır. Pilotların söhbətləri ilə yanaşı, bort kompüterindən verilən təlimatları, yerüstü xidmətlərlə əlaqəni, stüardessalarla söhbətləri, habelə ekipajın sərnişinlərə verdiyi elanları qeyd edir. Bundan əlavə, cihaz bütün xışıltıları, düymələrin və işləyən mühərrikin səslərini yazır.


Pilotların bütün şəxsi danışıqları da qeydə alınır və təbii ki, “qara qutu”da saxlanılır - buna görə də həmin qeydlərin təhlili və şifrələnməsi tam nəzarət altında, şəxsi məlumatların qorunması şəraitində aparılmalıdır. Söhbətlərin məzmunundan yalnız qəza və ya texniki nasazlığın səbəblərini öyrənmək məqsədilə istifadə edilə bilər.

Buna görə də, “qara qutu”da söhbətlərin yalnız son 120 dəqiqəsi saxlanılır - köhnə məlumatlar avtomatik silinir. Əvvəlki nəsil səsyazan qurğular ümumiyyətlə söhbətlərin yalnız son 30 dəqiqəsini saxlayırdılar. Bundan əlavə, pilot səs yazısını dayandırmaq və ya onu silmək üçün texniki imkanlara malikdir. Ancaq praktikada bunun baş vermədiyi söylənir.

Pilotlar uçuşun texniki parametrlərini və təyyarənin vəziyyətini qeyd edən registratorun məlumatlarına birbaşa daxil ola bilmirlər. Köhnə təyyarə modellərində bu cür cihazları uçuşdan əvvəl əl ilə işə salırdılar, ancaq müasir aviasiyada bu avtomatik baş verir.
Son illər saxlanılan məlumatların həcmi əhəmiyyətli dərəcədə artıb. Bugünün səsyazanları yüzlərlə, hətta minlərlə müxtəlif parametrləri qeydə alır. Bunlara uçuş trayektoriyası, hündürlük, sürət, təyyarənin mövqeyi, mühərrikin işi, işlənmiş qazın temperaturu, şassi və qanadların mövqeləri daxildir. Bu məlumatlar mütəxəssislərə qəzanın və ya ciddi texniki nasazlığın səbəblərini aydınlaşdırmağa kömək edir, həmçinin gələcəkdə potensial problemlərin mənbələrini müəyyən etməyə və aradan qaldırmağa imkan verir. Məlumatların təhlili və şifrələrin açılması təkcə təyyarə qəzaları zamanı deyil, həm də texniki problemlərlə bağlı hər hansı ciddi insidentlər zamanı tələb olunur. Belə hadisələr baş verdikdə qəzanın qarşısını ancaq möcüzə ilə almaq olar.


Təəssüf ki, dünyada “qara qutu” məlumatlarının tam təhlili və şifrəsinin açılması üçün yalnız bir neçə ixtisaslaşmış mərkəz var. Üstəlik onların heç də hamısının bütün növ registratorlarla işləmək imkanları yoxdur. Məsələn, Almaniya ofisi həm Qərb dizaynlı qara qutularla, həm də bəzi növ rus uçuş səsyazanları ilə işləyə bilir.

Gələcəkdə təyyarənin pilot kabinəsində baş verənləri videoya çəkəcək video-registratorların istifadəyə verilməsi gözlənilir. Quraşdırılmış radiomayakının gücü də əhəmiyyətli dərəcədə artırıla bilər. Daha bir maraqlı fakt bort qeydiyyat cihazlarının ümumi adının ingilis dilindəki “black box” ifadəsindən götürülən "qara qutu" olmasıdır. Əslində cihazlar heç vaxt qara rəngdə olmur. Onlar həmişə parlaq narıncı və ya qırmızı rəngdə olurlar ki, təyyarənin qalıqları arasından rahat tapılsınlar.
Bort qeydiyyat cihazlarını mediada da tez-tez "qara qutu" adlandırılır. Reallıqda isə bu cihazların korpusları adətən top və ya silindr formasında olur, çünki bu formada olan korpuslar xarici təzyiqə daha davamlıdır.


İlk operativ uçuş məlumat cihazlarından birini 1939-cu ildə fransız Fransua Hussenot və Paul Boduen yaradıblar. Bu, çoxkanallı işıq şüası ossiloqrafı idi - hər bir uçuş parametrinin dəyişməsi (hündürlük, sürət və s.) müvafiq güzgünün əyilməsinə səbəb olurdu ki, bu da nazik işıq şüasını hərəkət edən fotolentdə əks etdirirdi. Versiyalardan birinə görə, “qara qutu” adı da məhz buradan yaranıb. Lenti yanmaqdan qorumaq üçün səs yazıcısının korpusunu qara rəngə boyayıblar. 1947-ci ildə ixtiraçılar “Société Française des Instruments de Mesure” şirkətini təşkil etdilər. Şirkət sonradan Safran SA konserninin bir hissəsinə çevrilərək, bort qeydiyyat cihazları da daxil olmaqla, məşhur avadanlıq istehsalçısına çevrildi.

Hazırladı: Nadir Qocabəyli
AzVision.az


Teqlər: Qara-qutu   Qəza  





Xəbər lenti