ABŞ NDI ilə bağlı ittihamlara cavab verdi

ABŞ NDI ilə bağlı ittihamlara cavab verdi
  02 Aprel 2013    Oxunub:1483
“ABŞ-ın maliyyələşdirdiyi demokratiya layihələri çox sərt qaydalar çərçivəsində yürüdülür və hansısa siyasi partiyanı, yaxud ideoloji xətti maliyyələşdirmirlər”
ABŞ Dövlət Departamenti rəsmi Bakının Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinə qarşı ittihamlarına cavab verib. Dövlət Departamentinin internet saytında yer alan məlumata görə, ABŞ-ın xarici siyasət idarəsinin sözçüsü Viktoriya Nuland gündəlik brifinq zamanı bu barədə rəsmi məlumata malik olmadığını deyib: “Son günlər baş verənləri bilmirəm. Biz onları yoxlayacağıq. Lakin məlumdur ki, ABŞ-ın maliyyələşdirdiyi bütün demokratiya layihələri son dərəcə sərt qaydalar çərçivəsində fəaliyyət göstərirlər. Onlar konkret hansısa siyasi partiyanı, yaxud ideoloji xətti maliyyələşdirmirlər, bütün siyasi qüvvələrə qərəzsiz yanaşırlar”.

Xatırladaq ki, baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara məktubla müraciət edib. Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda”sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib. Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib.



Teqlər:  





Xəbər lenti