Güləş Federasiyasından oğurluq edənlər ələ keçdi - VİDEO

Güləş Federasiyasından oğurluq edənlər ələ keçdi -   VİDEO
  04 Dekabr 2021    Oxunub:1015
Dekabrın 1-də Nərimanov rayonunda yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ofisə daxil olan naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat pul olan dəmir seyfi oğurlayıblar. Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən şəxslər - paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov qısa zamandan müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.



Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilərdən biri Kamran Mütəllimov əvvəllər həmin federasiyada işlədiyindən seyfin haradan saxlanıldığı barədə məlumatlı olub. O, işdən çıxandan sonra bu barədə tanışları Vüqar Əsgərov və İmran Zeynalova məlumat verib və birlikdə həmin seyfi oğurlamaq qərarına gəliblər. Qeyd edək ki, hadisə vaxtı onlar İmran Zeynalova məxsus avtomobillə ofisin yaxınlığına gəliblər və seyfi oğurlayandan sonra sındıraraq pulu aralarında bölüblər. Saxlanılan zaman dəstə üzvlərindən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti