MDB PA Şurasının Bakı ofisinin açılışı olub

MDB PA Şurasının Bakı ofisinin açılışı olub
  04 Dekabr 2021    Oxunub:658
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Şurasının Bakı ofisinin açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının açılışında qurumun bir sıra nüfuzlu nümayənələri iştirak ediblər. MDB PA Şurasının Katibliyinin rəhbəri-Baş katib Dmitriy Kobitski, MDB PA Şurası Katibliyi rəhbərinin birinci müavini Sergey Kurdin, MDB PAA Şurası Katibliyi rəhbərinin müavini, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) direktoru İvan Muşket, MDB PA-nın DİMBİ-in direktor müavini Yelena Yeremenko, MDB PA Şurasının Baş katibinin müavini, Azərbaycan Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ-nin Bakı filialının direktoru Teymur Muradov və filialın əməkdaşlarının iştirak etdikləri tədbirdə qurumun gələcək fəaliyyət planlarından danışılıb.

Dmitri Kobitski bildirib ki, Müstəqil Dövlətlər Birliyi təşkilatına üzv ölkələrin Parlament Assambleyası (MDB PA) Şurasının Bakı ofisinin istifadəyə verilməsi çox mühüm hadisədir. Parlamentlərarası əlaqələrin inkişafına, həmçinin Bakı ofisinin açılmasına göstərdiyi dəstəyə görə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirən Baş katib deyib: “Düşünürəm ki, ofisin fəaliyyəti bizim birgə işimizə töhfə verəcək və parlamentlərarası əlaqələrin inkişafını sürətləndirəcək”.

Bakı filialının elm və tədqiqat mərkəzi rolunu oynayacağını diqqətə çatdıran Baş katib parlemantarizm məsələləri ilə məşğul olanların, eyni zamanda, professorların, tələbələrin Bakı filialının fəaliyyətindən yararlanacağını qeyd edib. Dmitri Kobitski üzv ölkələrin parlamentləri arasında əlaqələrin daha da dərinləşdirilməsində və demokratiyanın, parlamentarizmin inkişafında səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda MDB PA Şurası Katibliyinin təşkilatçılığı ilə bu ilin sentyabrında “Dünya ölkələrinin seçki sistemləri” mövzusunda keçirilən II Beynəlxalq Tələbə İnternet Olimpiadasının qaliblərinə mükafatlar təqdim olunub.

AzVision.az



Teqlər: MDB   PA  





Xəbər lenti