Tofiq Yaqublunun vəziyyəti DİN başçısı ilə müzakirə olunub

   Tofiq Yaqublunun vəziyyəti DİN başçısı ilə müzakirə olunub
  04 Dekabr 2021    Oxunub:900
Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı dekabrın 3-də DİN başçısı Vilayət Eyvazovla görüşüblər.
AzVision.az bu barədə yerli mediaya istinadən xəbər verir.

"Görüşdə insan hüquqları ilə bağlı bizdə narahatlıq doğuran bir sıra məsələləri müzakirə etdik. Əlbəttə ki, Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində olub", - Qocamanlı qeyd edib.

DİN başçısı polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib, bununla belə, müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd edib, - Qocamanlı bildirib.

Onun sözlərinə görə, nazir hüquq müdafiəçillərində narahatlıq doğuran məsələlərlə bağlı Monitorinq Qrupu iə dialoqa hazır olduğunu bildirib.

"Bu, çox vacibdir, belə ki, DİN başçısı eyni zamanda Əfv Komissiyasının üzvüdür. Məlum olduğu kimi, əfv institutu siyasi məhbusların azad edilməsi üsullarından biridir", - Qocamanlı deyib.

Ümumilikdə siyasi məhbuslar məsələsinə toxunan hüquq müdafiəçisi bildirib ki, bu gün Saleh Rüstəmovun taleyi Monitorinq Qrupunun böyük narahatlığına səbəb olur.

"O, artıq 28 gündür aclıq edir. Qrupumuz noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkib. Onun vəziyyəti narahatlıq doğurur. Hesab edirik ki, Birinci Qarabağ müharibəsindəki xidmətləri, Başkənd əməliyyatını həyata keçirməsi, habelə əlil oğlu olduğu nəzərə alınaraq, Saleh Rüstəmov azad edilə bilər və edilməlidir", - Qocamanlı bildirib.

Onun sözlərinə görə, məsələnin operativ həlli yollarından biri ona qarşı irəli sürülən ittihamların daha yüngül maddələrə tövsif edilməsi və onun həbsdən azad edilməsidir. Bu qərarı Ali Məhkəmənin Plenumu qəbul edə bilər.

"Saleh Rüstəmova baş çəkməyimizdən, icra, qanunvericilik və məhkəmə hakimiyyətinin nümayəndələri ilə görüşümüzdən sonra bu şəxsin azad edilməsi məsələsinin müsbət həllinə ümid yaranmağa başlayıb. Təəssüf ki, meydanlarda, KİV-də, sosial şəbəkələrdə Rüstəmovun azad edilməsinə nail olmaq üçün ultimativ cəhdlər edilməsi bu istiqamətdəki səylərə yalnlz xələl gətirir", - Qocamanlı bildirib.

Bununla belə, Qocamanlı qeyd edib ki, hüquq müdafiəçiləri Rüstəmovun azad edilməsi üçün səyləri davam etdirəcəklər.

"Bu ziyalı, nəcib insan hansısa siyasi oyunların qurbanı olmamalıdır", - Qocamanlı vurğulayıb.

AzVision.az



Teqlər: Hüquq-müdafiəçiləri   VilayətEyvazov  





Xəbər lenti