Yaponiya şahzadəsinə atası orden verdi - FOTO

Yaponiya şahzadəsinə atası orden verdi -    FOTO
  05 Dekabr 2021    Oxunub:1189
Yaponiya imperatoru Naruhito və imperatriça Masakonun yeganə övladı olan şahzadə Aykoya yetkinlik yaşına çatması münasibəti ilə lentli Müqəddəs Tac Ordeni təqdim edilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, orden ona atası tərfindən verilib. Mükafatlandırılan 20 yaşlı şahzadə bazar günü NHK telekanalı tərəfindən nümayiş etdirilib.

Ayko ilk dəfə jurnalistlərin qarşısına qar kimi ağ və uzun saray paltarında çıxıb. Şahzadənin saçı bibisi, keçmiş şahzadə Sayakodan borc götürülmüş brilyant tac ilə bəzədilib.

İmperator ailəsi pandemiya ilə bağlı məhdudiyyətlərə görə, eləcə də maddi sıxıntılar yaşamağa başlayan Yaponiya xalqı ilə həmrəy olaraq yeni tac sifariş etməyib. Eyni səbəbdən təmtaraqlı ziyafət də təşkil edilməyəcək.

Ordeni aldıqdan sonra şahzadə koronavirusun yayılma təhlükəsi səbəbindən təxminən bir il doqquz aydır görmədiyi babası və nənəsi, keçmiş imperator Akihito və imperatriça Mitikoya baş çəkəcək.

Günün sonunda Ayko Yaponiyanın Baş naziri Fumio Kisida tərəfindən qarşılanmaq üçün saraya qayıdacaq. Bu mərasimdə imperator ailəsinin üzvləri də iştirak edəcək.

Qeyd edək ki, şahzadənin 20-i yaşı dekabrın 1-i tamam olub. Yaponiyada yetkinlik yaşı məhz 20 yaş hesab olunur. Qızın ali təhsilinə mane olmamaq məqsədilə təntənəli mərasimlər dekabrın 5-nə təyin olunub.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Yaponiya   Şahzadə  





Xəbər lenti