"Ayılanda gördüm ki, ayaqlarım yoxdur" - Vətən Müharibəmizin iştirakçısı (VİDEO)

 "Ayılanda gördüm ki, ayaqlarım yoxdur" -  Vətən Müharibəmizin iştirakçısı (VİDEO)
  06 Dekabr 2021    Oxunub:2873
Vüqar Ayaz oğlu İbrahimov Vətən müharibəsi qazisidir. O, 43 gün Ağdamın müdafiəsində iştirak edib. Vüqarın olduğu bölmənin təyinatı düşmən təxribatının qarşısını almaq idi. Həmsöhbətimiz dekabrın 13-də düşmən səngərində hərbi xidmət vəzifələrini yerinə yetirərkən minaya düşərək hər iki ayağını itirib.
AzVision.az Vüqarın döyüş hekayəsini qələmə alıb.
O, 2000-ci il fevralın 1-i Göyçay rayonunun Şıxbəyli kəndində anadan olub. 2006-cı ildə elə həmin kənddə məktəbə gedib. Orta təhsilini bitirdikdən sonra 2018-ci ilin aprelində hərbi xidmətə yola düşüb. Ağdamdakı hərbi hissədə xidmət edib. 2019-cu ildə ordu sıralarından təxris olunub və Sumqayıta gələrək, burada yaşayıb, "Engin LTD" şirkətində işləyib. Səfərbərlik elan olunanda Vətən müharibəsinə yollanıb.



Oktyabrın ilk həftəsinə kimi düşmənin xüsusi təyinatlı qüvvələri Ağdamda olub. Çünki onlar Ağdamdan hücum gözləyirdilər,- deyir Vüqar.- Səngərdən səngərə döyüşürdük. Aramızda 120 metr məsafə var idi. Ağdamda ümumilikdə 27 döyüş mövqeyi var. Hamısı hazır vəziyyətdə hücum əmrini gözləyirdi. Ermənilər hətta bir neçə postumuza keçid etmişdilər. Onları geri oturtduq. Oktyabrın 20-si Ağdam təhvil verildikdən sonra biz postları, səngərləri gəzib müəyyən tapşırıqları yerinə yetirirdik. Mənim minaya düşməyim dekabrın 13-nə təsadüf edir.


Döyüş yoldaşlarımla birgə düşmən səngərinə girdik. Bizə ərazinin təmiz olduğunu demişdilər. Dörd post keçdik, 7-ci mövqeyin qarşısında olan posta girdik. Öndə döyüş yoldaşım Həsən Həsənli gedirdi. Onun arxasınca isə mən addımlayırdım. O “val"a kimi getdi və gördü ki, daha yol yoxdur. Dedi, gəl buradan çıxaq. Arxaya qayıdanda 3 addım atmışdım ki, sol ayağım minaya düşdü. Ətrafı toz bürdü. Arxadakı döyüş yoldaşım aşağı uzandı. Ayağımın qopmasını hələ bilmirdim. Sağ cinahda ermənilərin mövqeyi var idi. Sürünüb ora çıxmaq istədim. Ayağa duranda sağ ayağım da minaya düşdü. Bu an Bərdədən olan dostum Şəmistan Hüseynov köməyə üstümə qaçanda o da minaya düşdü. Aramızda 10 metr məsafə var idi. Sonra mən sürünüb mövqeyə çıxdım. Şəmistana baxdım, gördüm, siqaret yandırdı. Mən də yandırıb çəkmək istəyirdim mənə susuzluq gəldi. Hələ təzə idi deyə ağrını hiss etmirdim.


Döyüş yoldaşlarımıza minaya düşməyimizlə bağlı məlumat verdik. Onlar gələndə Ayaz Həsənli “val”ın üstünə çıxdı və məni çıxarmaq üçün əlini uzatdı. Əlimdən tutub dartanda o da sürüşüb minaya düşdü. Daha sonra bizi xilas etmək üçün gələn həkim də minaya yaxalandı. İki saat 45 dəqiqədən sonra bizi oradan təxliyə etdilər.
O an tamamilə başqa hisslər keçirirsən. İnsanlar gözünün qarşısından keçir və susuzluqdan hədsiz əziyyət çəkirsən. Amputasiya haqqında fikirləşmirdim. Eləcə vaxtı geri qaytarmaq və əraziyə girməməyi düşünürdüm... Oldu və keçdi, əlimizdən bir şey gəlmir.



Vüqarın hər iki ayağı Ağdamın Sarıcalı kəndində amputasiya olunub. Ondan sonra o Bakıya hərbi hospitala gətirilib.

- Üç gün özümdə olmadım. Bakıda hərbi hospitalda ayıldım və gördüm ki, ayaqlarım yoxdur. Ayaqlarımı dizdən aşağı amputasiya etmişdilər. Mina sol ayağımı tamam aparmışdı, sağ ayağımın isə sümüyü qırılmışdı. Bir ay ayaqlarımın olmamasını qəbul edə bilmədim. Ancaq sonradan qəbullandım. Camal Alxasov ayaqlarını dibdən itirib. Ayılanda palatada onu gördüm. Deyirdi, gülürdü. Camala baxdım və yaşamaq eşqi artdı.



Şəmistan qaça-qaça minaya düşmüşdü. Sümüyünü mina aparmışdı deyə əti sallaq qalmışdı. Ayazın isə mina pəncəsini parçalamışdı. Onlarda amputasiya yoxdur, amma hələ də çətin gəzirlər. Balaca səngərdən 128 ədəd mina çıxartdılar. Ora kimi 5 postdan eyni qayda ilə keçmişdik. Heç nə yox idi.



Həmsöhbətimiz indi yüksək texonologiyalı protezlə təmin olunub. O şirkətdə kiçik inspektor kimi işinə davam edir. Balıq tutmağa, ova gedir: "Edə bilmədiyim yeganə şey qaçmaqdır. Şirkətdə işlərim qaydasındadır. Rəhbərlik maddi və mənəvi dəstək olur”.











Şahanə Rəhimli
FOTO: Anar Bayramlı
VİDEO: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Qazi   Vətənmüharibəsi   mina  





Xəbər lenti