Azərbaycanda hazırda 300 turizm bələdçisi var

Azərbaycanda hazırda 300 turizm bələdçisi var
  07 Dekabr 2021    Oxunub:833
Turizm bələdçilərinin sertifikatlaşdırılmasının bölgələr üzrə həyata keçirilməsini istəyirik. Rayonlardakı bələdçilər Assosiasiyanın üzvüdürlər. Bu vaxta qədər 7 regionda təlim keçmişik və təlimdə iştirak edən 30 nəfərdən 20-si imtahandan keçib.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev deyib. O bildirib ki, əgər bu sertifikatlaşdırmanı ölkə üçün tətbiq etsək, o zaman Bakıdan gedən bələdçilər digərlərinin işləməyinə mane olacaq:

"Ona görə də biz region üzrə belə sertifikatlaşdırmanın keçirilməsini istəyirik. Bu isə layihə kimi yazılmalı, konkret bölgəyə məxsus turizm bələdçisi ekspert kimi işə cəlb olunmalıdır".

T.Musayev bildirib ki, Azərbaycanda hazırda 300 turizm bələdçisi var: "Onlardan 60 nəfərinin keçmiş Mədəniyyət və Turizm Nazirliyindən aldığı vəsiqəni yenilədik. 300 nəfər bələdçi isə sertifikasiyadan keçəndən sonra vəsiqə alıb rəsmi işləyə biləcək. Yeni bələdçilər isə kurslardan keçəcəklər. 6 aylıq kursdan sonra sertifikasiyadan keçəcək".

T.Musayev qeyd edib ki, 2017-ci ildən Azərbaycanda istənilən şəxs turizm bələdçisi kimi işləyə bilir, bu isə turistlərə göstərilən xidmətin keyfiyyətini aşağı salır: “Bir çox bələdçilər sertifikatlaşdırmanın arzusunda olub. Assosiasiyanın bələdçiliyin keyfiyyətinin artırılması istiqamətində iki layihəsi var. Bunlardan biri “Turizm bələdçisinin şərh kitabçası”dır ki, burada turistik obyektlər və qoruqlar haqqında məlumatlar toplanıb bələdçilərə təqdim edilib.

Bu, turizm bələdçiləri üçün vacib amildir ki, getdikləri obyektlər haqqında eyni məlumatı versinlər. Digər tərəfdən, kim sertifikatlaşdırmadan keçməyibsə, yəni bələdçi vəsiqəsi yoxdursa muzeylərə daxil olanda çətinlik çəkəcək və bu da işin keyfiyyətinə təsir edir. Nəticədə saxta bələdçilər azalacaq”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Türizm   Bələdçi  





Xəbər lenti