"Ermənistanın Azərbaycana qarşı vəsatətləri rədd edildi" - Nazir müavini

   "Ermənistanın Azərbaycana qarşı vəsatətləri rədd edildi" -    Nazir müavini
  08 Dekabr 2021    Oxunub:1337
"Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzündən irəli gələn beynəlxalq hüquqlarının pozulmasına görə beynəlxalq məhkəmələrdə iddialar qaldırıb”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı brifinqində deyib.

Nazir müavini vurğulayıb ki, Azərbaycanın ilk müraciət etdiyi məhkəmə Avropa İnsan Haqları Məhkəməsi olub: “Bu şikayət həm Azərbaycan, həm də Ermənistanın tərəf olduğu 1950-ci il Avropa konvensiyası əsasında irəli sürülüb. Şikayətdə Birinci Qarabağ müharibəsi, işğal dövrü, Vətən müharibəsində Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti əksini tapıb. Biz siyasi cəbhədə təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkmişik. Bununla bağlı bu ilin fevral ayında şikayət etmişik. Bu şikayətimizə Avropa məhkəməsində qarşıdakı illərdə baxılacaq”.

O əlavə edib ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı siyasi xalq qazanmağa nail ola bilmədi, onun vəsatətləri rədd edildi.

“Azərbaycanda saxlanılan bütün şəxslərə humanist yanaşma sərgilənib, onlar mütamadi tibbi müayinələrdən keçib, beynəlxalq qurumların nümayəndələri ilə görüşlərə izacə verilib, təhlükəsiz şəraitdə saxlanılıblar. Ona görə də qarşı tərəfin bu iddiası rədd edildi.

Məlumdur ki, Ermənistan son ayalarada Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu iddia edib, bəzi hallarda müxtəlif səviyyələrdə qərəzli bəyanatların qəbuluna nail olub. Azərbaycan buna sırf hüquqi prizmadan yanaşıb, Beynəlxalq Məhkəmənin qəraraını gözlədi. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edilib. Nəticədə məhkəmə Ermənistanın bu vəsatətini də rədd etdi. Və onların bu vəsatəti də uğursuzluğa düçar oldu", - nazir müavini söyləyib.

Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Beynəlxalq-Məhkəmə   Azərbaycan  





Xəbər lenti