"Məhkəmə Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədi"

   "Məhkəmə Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədi"
  08 Dekabr 2021    Oxunub:1409
"Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən öncə də digər beynəlxalq təşkilatlarda Hərbi Qənimətlər Parkı ilə bağlı məsələni qaldırmışdı”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavininin sözlərinə görə, bu, Azərbaycan üçün yeni məsələ olmayıb: “Ermənistan tərəfi bununla bağlı müxtəlif dövlətlərə də müraciət etmişdi. Bəzi hallarda ermənipərəst qüvvələrin Ermənistanın bu mövqeyinə dəstəyi öz əksini tapıb. Ancaq burada Ermənistan xalqına qarşı hər hansı etnik nifrətdən söhbət gedə bilməz. Bu park tarixlə bağlıdır. 30 il işğal altında qalmış ərazilərdə, Vətən müharibəsində Azərbaycan qarşı istifadə edilən silahlar, nümunələr bu parkda saxlanılır. Hətta Ermənistanın ballistik raketlərdən istifadə etməsi ilə bağlı sübutlar da bu parkda nümayiş olunur. Xaricdən gələn siyasi rəsmilər, jurnalistlərə bu faktlar göstərilir. Biz məhkəmədə də bəyan etdik ki, erməni xalqına qarşı etnik nifrətlə bu parkın heç bir əlaqəsi yoxdur. Hərbi Qənimətlər Parkı digər qabaqcıl ölkələrdə mövcud olan tematik parklardan çox da fərqlənmir. Əslində, mahiyyət etibarilə həmin tarixi dövrü əks etdirən konkret eksponat və nümunələrlə mövcud olan parklar kimi fəaliyyət göstərir”.

Nazir müavini deyib ki, rəsmi Bakı beynəlxalq məhkəmədə Hərbi Qənimətlər Parkı məsələsinin Ermənistan üçün siyasi xal qazanmaq aləti olduğunu sübut etdi: "Onlar bundan Azərbaycanda etnik nifrətin təzahürü kimi istifadə etmək məqsədi güdürdülər. Fikrimcə, Azərbaycan tərəfinin təqdim etdiyi arqument və dəlillər məhkəmə işində inandırıcı oldu. Eyni zamanda ölkəmiz narahatlıq doğuran bəzi eksponatlarla bağlı könüllü surətdə müəyyən addımlar atıb. Nəticə etibarilə məhkəmə bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyib”.

AzVision.az



Teqlər: HərbiQənimətlərParkı  



Xəbər lenti