"Erməni həyasızlığına ədalətli qiymət verildi" - Ziyafət Əsgərov

 "Erməni həyasızlığına ədalətli qiymət verildi" -  Ziyafət Əsgərov
  08 Dekabr 2021    Oxunub:1495
“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsassız iddialarını ədalətli şəkildə qiymətləndirib. Azərbaycanda hərbi əsir yoxdur, Qənimətlər parkı ölkəmizin tarixinin bir parçasıdır, hərbi cinayətləri isə iddia edən şəxslərin özləri 30 ildir həyata keçirirlər”.
Bunu AzVision.az -a Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi hər hansı bir iddianı icraata qəbul edərkən mütləq ətraflı araşdırır:
- Məhkəmə müharibə bitdikdən sonra erməni hərbçilərinin Azərbaycan ərazisinə nə vaxt keçməsi ilə bağlı məsələni öyrənib. Nəticədə onlara aydın olub ki, erməni hərbçilər diversantlardır. Azərbaycanda isə hərbi əsirlər yoxdur. Bu məsələ kifayət qədər araşdırılıb. Ermənilər hər zamankı kimi şər yaxmaqla məşğuldurlar. Amma burada şər yaxmaq keçmir. Beynəlxalq Ədaət Məhkəməsinə sübut təqdim etmək lazımdır.

Deputat qeyd edib ki, Qənimətlər Parkının bağlanması ilə bağlı iddianın da rədd edilməsi ədalətli qərardır. Çünki, dünyanın hər yerində bu kimi parklar mövcuddur: “Bu Azərbaycan xalqının tarixidir. Xalq bu parka gələrək kiminlə müharibə apardığını və qazanılan qələbə nəticəsində hansı qənimətlərin əldə edildiyini görür. Qələbə muzeyləri, parkları dünyanın bir çox ölkələrində var”.

Z.Əsgərov əlavə edib ki, Azərbaycanın hərbi cinayətlər törətməsi ilə bağlı iddia irəli sürmək həyasızlıqdır. 30 ildir Azərbaycanın ərazisini işğal edən ermənilər burada olmazın cinayətlər törədiblər. Xocalı soyqırımını törədənlər insanları borulara salıb, hər iki tərəfini qaynaqlayıb, öldürdü. Qoca, cavan, qadın uşaq demədən müxtəlif hərbi cinayətlər törətdilər və bütün bunları kitablara yazıb, etiraf etdilər. O cümlədən mənfur düşmən Vətən müharibəsi zamanı Gəncə və Tərtər şəhərindəki mülki yaşayış məntəqələrinə qadağan edilən bombalar ataraq, sadə insanları öldürüblər. Bütün bunların fonunda utanmadan belə cəfəng iddia ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediblər”.

Komitə sədri qeyd edib ki, Ermənistan tərəfindən müxtəlif illərdə Azərbaycan xalqına qarşı terror aktları törədilib. Prezident İlham Əliyev dəfələrlə ermənilərin terror əməlləri, hərbi və ekoloji cinayətləri barədə beynəlxalq ictimaiyyətə məlumatlar verib.

- Ermənistanın iddialarının rədd olunmasında ən böyük rolu məhz sübut-dəlillərin vaxtında və əsaslı şəkildə məhkəməyə təqdim edilməsi oynadı. Hesab edirəm ki, bu çox ədalətli qərar idi. Əlbəttə, bizim də iddialarımız var. Cənab Prezident müharibədən dərhal sonra ermənilərin işğaldan azad edilən ərazilərdə tördətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı hesabatın hazırlanması üçün göstəriş verdi. Düşmənin təzminat ödəməsi də gündədmdədir. Azərbaycana son 30 ildə dəyən ziyan hesablanacaq və qiymətləndiriləcək. Qiymətləndirmədən sonra müvafiq sənədlər beynəlxalq məhkəməyə təqdim olunacaq. Bildiyim qədərilə qiymətləndirmə son mərhələdədir. Beynəlxalq ekspertlər, iqtisadçılar bizim ekspert və iqtisadçılarla birlikdə dəymiş zərəri qiymətləndirirlər. Bu proses müəyyən qədər vaxt aparır. Bütün hallarda ermənilər buna görə də cavab verəcəklər. Təzminatı ödəməyə pullarının olub-olmaması onların problemidir. Haradan tapacaqlar, necə edəcəklər, amma o pulu ödəcəyəklər, canları da çıxacaq,- millət vəkili vurğulayıb.

Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Məhkəmə   Qarabağ   Azərbaycan  





Xəbər lenti