Rusiya Federasiya Şurasının nümayəndələri Qarabağa səfərə dəvət edilib

Rusiya Federasiya Şurasının nümayəndələri Qarabağa səfərə dəvət edilib
  08 Dekabr 2021    Oxunub:1015
Bu gün Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin İkitərəfli parlamentlərarası komissiyasının videokonfrans formatında 16-cı iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az - a verilən məlumata görə, komissiyanın iclasına Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli diqqətə çatdırıb ki, bu il noyabrın 8-də dövlətimiz və xalqımız Qarabağ uğrunda Vətən müharibəsində Zəfərin ildönümünü qeyd edib. Bu qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. O, azad edilmiş torpaqlarımızda uğurla həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olmaq üçün Federal Şuranın və Dövlət Dumasının nümayəndələrini işğaldan azad olunmuş əraziləri ziyarət etməyə dəvət edib.

Əli Hüseynli, eyni zamanda, Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu söyləyib.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini Qalina Karelova bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Qalina Karelova qeyd edib ki, bu gün ölkələrimiz 2024-cü ilədək nəzərdə tutulmuş və özündə 5 yol xəritəsini ehtiva edən fəaliyyət planını həyata keçirirlər və bu istiqamətdə qanunvericilik bazasının formalaşmasında parlamentlərin rolu böyükdür.

Federal Şuranın sədr müavini çıxışında ölkəmizdə rus dilində təhsilə göstərilən diqqət və qayğını təqdir edib.

O, Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü dəstəklədiklərini bildirib.

Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə beş məsələ daxil edilib.

Əvvəlcə, Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə ikitərəfli parlamentlərarası komissiyanın tərkibində dəyişikliklər edilməsi haqqında Rusiya Federal Şurası sədrinin müavini Qalina Karelova, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Kazbek Taysayev məlumat veriblər. Rusiya tərəfindən komissiyanın yeni üzvləri təqdim edilib.
AzVision.az

Sonra gündəliyin ikinci məsələsi - Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov çıxış edib.

İclasın sonunda bildirilib ki, Azərbaycan Milli Məclisi ilə Rusiya Federal Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 17-ci iclasının 2022-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulub.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentlərarası komissiyanın iclasında məhsuldar müzakirələrin aparıldığını bildirərək, komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda Milli Məclisin deputatları Ağalar Vəliyev, Rasim Musabəyov, Elnur Allahverdiyev, Azər Badamov, rusiyalı deputatlar İvan Abramov, Yelena Avdeyeva, Liliya Qumerova, Anatoliy Şirokov iştirak ediblər.

AzVision.az



Teqlər: Azərbaycan   Rusiya   Parlament  





Xəbər lenti