MOSSAD-ın ən məşhur əməliyyatı: Cəlladın qaçırılması – TAM MƏXFİ

      MOSSAD-ın    ən məşhur əməliyyatı: Cəlladın qaçırılması –    TAM MƏXFİ
  08 Dekabr 2021    Oxunub:6540
“Mossad”ın 1960-cı ilin mayında nasist müharibə cinayətkarı, iki milyona yaxın yəhudinin qətliamında ittiham edilən Adolf Eyxmanı Argentinada tutaraq, İsrailə aparması tarixə “Eyxman əməliyyatı” kimi düşüb. Əməliyyat qeyri-rəsmi aparıldığından Argentina İsraili onun suverenliyini kobud şəkildə pozmaqda günahlandırmışdı. İsrail isə əməliyyatın qanunsuzluğunu İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinin soyqırımının təşkilində birbaşa məsul olan Eyxmanın görünməmiş cinayətləri ilə əsaslandırıb. Qırx il sonra Argentina nasist cinayətkarlara sığınacaq verdiyi üçün Holokost qurbanlarından rəsmi olaraq üzr istəyib.
Keçmiş nasistlərin axtarışı və cəzalandırılması İsraildə həmişə aktual məsələ olub. Çünki, ölkə əhalisinin əksəriyyəti ya şəxsən Holokostdan əziyyət çəkib, ya da çox sayda qohumu, dostu və ya tanışı alman faşizminin qurbanı olub. İsrailin 200 minə yaxın sakini ölüm düşərgələrində olmazın əzablara məhkum edilib. İki milyona yaxın yəhudi isə əsir düşərgələrində məhv olmuşdu.

“Vanze konfransı”nın hazırlanmasında və keçirilməsində, daha sonra isə "yəhudi məsələsinin birdəfəlik həlli" (yəni Avropada yəhudiliyin kökünün kəsilməsi) ilə bağlı qərarların icrasında birbaşa rol oynamış Adolf Eyxman İsrailin axtarışa verdiyi nasistlərin siyahısında bir nömrəli cinayətkar idi. Onun ədalət məhkəməsinə çıxarılması yəhudilər üçün prinsip məsələsi sayılırdı.

1945-ci ildə Eyxman onu axtaran müttəfiq ölkələrin xüsusi xidmət orqanlarından qaçmağı bacararaq, 1950-ci ildə Argentinaya köçdü və Rikardo Klement adı altında Buenos-Ayresdə yaşamağa başladı. Həyat yoldaşı və üç oğlu da iki ildən sonra onun yanına gəldilər. Dördüncü oğlu artıq Argentinada doğulmuşdu.

İsrail kəşfiyyatının Eyxmanın izinə necə düşdüyünə gəldikdə isə bu haqda həm "Mossad"ın təqdimatına, ya da “nasist ovçusu” ləqəbli Tuvye Fridmanın hekayələrinə əsaslanan bir neçə versiya mövcuddur.

Eyxmanın izində

Eyxmanın tapılaraq ifşa edilməsində müxtəlif versiyalar arasındakı ziddiyyətlərə baxmayaraq, Lotar Herman adlı şəxsin onun tutulmasında əsas rol oynadığını kimsə dana bilməz. Lotar alman yəhudisi idi. Alman qadınla evlilik belə, ona nasist repressiyasından qurtulmaqda kömək etməmişdi. Lotar faşistlərin ölüm düşərgəsində kor edilmişdi. Faşizm çökdükdən sonra Argentinaya köçən Herman keçmiş nasistlərin axtarışı ilə əlaqəli hadisələrlə maraqlanırdı. O, Eyxmanın yoxa çıxdığını, İsrail kəşfiyyatının isə hər yerdə onu axtardığını bilirdi.

Oğlu bilmədən onu ələ verir

Lotar qızının Üçüncü Reyxə xidmət edən atasının keçmişi ilə öyünən Nikolas Eyxman adlı bir gənclə tanış olduğunu eşitdikdə bu məlumatı öz bilgilərilə müqayisə edir və söhbətin Adolf Eyxmanın oğlundan getdiyini başa düşür. O, şübhələri haqqında dərhal müvafiq yerlərə məlumat verir.


Lotar Herman vəd edilmiş mükafatı ölümündən düz bir il əvvəl, 1972-ci ildə aldı. Məsələ açılanda isə Hermanın qızı yerli nasistlər tərəfindən təhdidlərlə üzləşdi və bu səbəbdən də Argentinadan ABŞ-a mühacirət etmək məcburiyyətində qaldı.

“Mossad” versiyası

Bu versiyaya görə Lotar Herman Buenos-Ayresdəki alman koloniyasının üzvlərindən birinin həqiqətən Adolf Eyxman olduğundan şübhələnərək, Hessen vilayətinin (AFR) baş prokuroru Fritz Bauerə məktub ünvanlayıb. Fritz Bauer isə bu məlumatı İsrailə ötürüb. "Mossad"ın keçmiş rəhbəri İsser Harelin "Cəlladın qaçırılması" adlı kitabında bu barədə məlumat yer alıb.

Belə ki, 19 sentyabr 1957-ci ildə baş prokuror Bauer Almaniya Federativ Respublikası ilə İsrail arasında təzminatın ödənilməsi ilə əlaqədar danışıqlarda yəhudi nümayəndə heyətinin başçısı doktor Şnerə cinayətkar Eyxmanın Argentinada gizləndiyi yer haqqında məlumat verir. İsrailin Xarici İşlər Nazirliyi vasitəsilə həmin məlumat "Mossad"ın rəhbəri İsser Harelə çatdırılır.

Tuvia Fridman versiyası: Sensasiyalı məktub

Başqa bir iddiaya görə isə nasistlərin ölüm düşərgəsinin keçmiş məhbusu, "Yad Va Şem" İnstitutunun əməkdaşı Tuvia Fridman da Eyxmanın izinə düşmüşdü. 1957-ci ildə Fridman Hayfa şəhərində "Nasist Cinayətlərinin Sənədləşdirilməsi və Araşdırılması İnstitutu" yaratmış və Eyxmanın yerini deyən şəxsə “Dünya Yəhudi Konqresi”nin prezidenti Nahum Qoldman tərəfindən 10.000 dollar mükafat veriləcəyini elan etmişdi.

Fridman Eyxmanı tapmaq üçün ilk cəhdini 1945-ci ilin sonlarında Avstriyada gizli yəhudi təşkilatı olan "Mossad le Alia Bet"i təmsil edən Aşer Ben-Nathan ilə birlikdə həyata keçirdi. Həbs olunan Eyxmanın dostu və köməkçisi SS şturmbannfüreri Diter Vislicenidən ifadə aldıqdan sonra onlar Eyhmanın keçmiş sürücüsünü və məşuqəsini də tapmağa müvəffəq olurlar. Nasist cəlladının məşuqəsinin mənzilindəki pusqular ilk dəfədən nəticə verməsə də Eyxmanın ilk fotoşəkli məhz həmin qadının evindən əldə edilir.

1959-cu ilin avqust ayının sonunda Fridman Lüdviqsburqdakı (Almaniya) Nasist Cinayətlərinin Təhqiqatı Federal Mərkəzinin direktoru Ervin Şuledən Eyxmanın Küveytdə gizləndiyinə dair bir məktub alır. Fridman "Maariv" qəzetində işləyən bir jurnalist tanışı vasitəsilə bu məlumatı dərhal mətbuatda yayır. Məktub gözlənildiyindən də böyük maraqla qarşılanır və dünyada geniş əks-səda yaradır. Həmin məktub bir çox nüfuzlu dərgilərdə təkrar-təkrar nəşr edilir.

Lotar Herman həqiqəti üzə çıxarır

1959-cu il oktyabrın 18-də isə Eyxmanın həqiqətən ələ keçirilməsinə səbəb olan məlumatlar dövriyyəyə buraxılır. Belə ki qızının sevgilisindən aldığı məlumatlarla həqiqəti öyrənən Lotar Herman Tuvia Fridmana Eyhmanın Küveytdə deyil, Argentinada olduğu haqqında məlumat göndərir. Lotar Herman məktubunda yazırdı: “Almandilli qəzetin 12.10.1959-cu il tarixli sayılnda nasist cinayətkarı Adolf Eyxman haqqında verdiyi xəbər tamamilə yanlışdır. Bu adam Küveytdə deyil, Buenos- Ayresdə həyat yoldaşı və dörd uşağı ilə birlikdə başqa bir ad altında yaşayır. İnstituta kömək etməyə və Eyhman haqqında bütün məlumatları verməyə hazıram”.


İsrail tarixçisi və jurnalisti Şimon Briman yazır ki, Fridman Hermanla daha üç məktub mübadiləsi aparmış, sonra isə 1959-cu ilin dekabrında onun "Mossad" əməkdaşları ilə əlaqə yaratmasında vasitəçi olmuşdu.
Əksər mənbələrdə Tuvia Fridmanın adının bu əməliyyatda çəkilməməsinə baxmayaraq, onun adı Eyxmanın tutulmasında iştirak edən şəxslərin rəsmi siyahısında yer alır.

“Mossad” qatilin izində

"Mossad" Eyxmanın həyat yoldaşının Argentinadan gələn bir almana ərə getdiyini və bir müddət sonra onunla birlikdə Cənubi Amerikaya yola düşdüyünü öyrənir. Beləliklə, qadının adını və pasportunu dəyişdirərək, Eyxmanın özü ilə evləndiyinə dair ehtimal yaranır.

"Mossad" bunu dəqiqləşdirmək üçün Argentinaya agentlər göndərir. Onlar Eyxmanı izləyərək onun “Rikardo Klement” adı ilə gizləndiyinə və başqa qaçaq nasist olmadığına tam yəqinlik hasil edirlər.

Lotar Hermanın köməyilə Eyxmanın ailəsinin yaşadığı ünvan dəqiqləşdirilir. Ev fasiləsiz nəzarət altına alınır. Agentlər buranın çox kasıb bir rayon olduğunu, evin əslində, Avropadan xeyli pulla gələn yüksək rütbəli bir zabit üçün uyğun olmadığını söyləyirlər.

Eyxman iz azdırır

1958-ci ilin əvvəlində Eyxman Çakabuko rayonundakı evindən müəmmalı bir şəkildə yoxa çıxır. 1959-cu ilin dekabrında Argentinadakı "Mossad" agentləri yenidən onun izinə düşdülər. Çox keçmədən, onun yeni ünvanı müəyyənləşdirilir: Buenos-Ayres, San Fernando məhəlləsi, Qaribaldi küçəsi.


Ev Veronika Katarina Libl de Fichman adlı şəxsin adına alınmışdı. Bu ad, soyaddakı bir hərf istisna olmaqla (Fichman yerinə Eichman) Eyxmanın həyat yoldaşının adı ilə üst-üstə düşürdü.

Bu odur, o deyil?!

İş mürəkkəbləşir. “Mossad”ın rəhbəri Harel "Şabak"ın təcrübəli təhqiqatçısı Zivi Aaroni bu işlə əlaqədar Argentinaya göndərməyə qərar verir. O, 1960-cı il fevralın 29-da Buenos-Ayresə gəlir. Təhqiqatçının 4 köməkçisi var idi. Onların arasına İsrailin Argentinadakı səfirliyinin hərbi attaşesi İsak Elron və onun həyat yoldaşı Sara da daxil idi.

Agentlər Eyxmanın şəxsiyyətinin dəqiqləşdirilməsi üçün fəaliyyətə başlayır. Onlar sənədləri araşdırdıqdan sonra həmin gün Veronika və Adolf Eyvman cütlüyünün toylarının iyirmi beşinci ildönümünü qeyd edəcəklərini müəyyənləşdirir.

1960-cı il aprelin 3-də müşahidəçilər gizlincə Eyxmanın yeni evinin yaxınlığında onun fotoşəkilini çəkməyə nail olurlar. Zivi Aaroninin topladığı fotoşəkillər və məlumatlara əsasən Eyxmanın şəxsiyyətinin müəyyənləşdirilməsinin kifayət qədər etibarlı əsaslara malik olduğu qərara alınır. Məlumat Harelə çatdırıldıqdan sonra cinayətkarı oğurlamaq planı üzərində işləməyə başlanılır.

Oğurlamaq lazımdır!


Eyxmanın yerini müəyyənləşdirən İsrail höküməti onu gizli şəkildə Argentinadan çıxarmaq qərarına gəlir. Ekstradisiya üçün Argentina hökumətinə müraciət etmək uğursuzluqla nəticələnə bilərdi, məlumatı öyrənən təcrübəli cinayətkarın növbəti dəfə yoxa çıxması təhlükəsi var idi.

1945-ci ildən sonra Argentina nasistlər üçün əsl sığınacaq yeri kimi ad çıxarmışdı. Hitlerə rəğbət bəsləyən Argentina Prezidenti Xuan Peron saxta sənədlər ilə çox sayda almanın ölkəsinə girişinə nəinki göz yumur, həm də onların Avropadan qaçmasına kömək edirdi. Bir çox keçmiş nasist hətta Argentina silahlı qüvvələrində işə düzəlirdi.

Peronun 1955-ci ildə devrildiyi vaxt, Argentina elitasında və xüsusən güc strukturlarında nasist əhval-ruhiyyəsi çox güclü idi. Ona görə də Eyxmanın ekstradisiyası ehtimalı israillilər tərəfindən inamsızlıqla qarşılanırdı. Heç kim cinayətkarın yenidən qaçıb gizlənməsini istəmirdi.

Bundan əlavə, Harelin yazdığı kimi, Eyxman Almaniyaya da verilə bilərdi. Müharibə bitəndən 15 il sonra Avropadakı nasistlər barədə məhkəmə çox yumşaq hökmlər çıxarırdı. Bu səbəbdən İsrail Almaniyanın “keçmiş günahları bağışlamaq” meylinə görə Eyxmanın ümumiyyətlə, məsuliyyətdən kənarda qalacağından qorxurdu.

Əməliyyatın işlənməsi və hazırlığı

Eyçmanın qaçırılması əməliyyatına "Mossad" direktoru İsser Harel şəxsən rəhbərlik edirdi. Rafi Eytan operativ qrupun komandiri təyin edildi. Əməliyyatın bütün iştirakçıları könüllülər idi. Onların əksəriyyəti ya müharibə zamanı nasistlərdən əziyyət çəkmiş, ya da ölən qohumları olan şəxslər idi. Əməliyyat iştirakçılarına Eyxmanın İsrailə təhlükəsiz və sağlam şəkildə çatdırılması xəbərdarlığı edilmişdi.

(Ardını buradan oxuya bilərsiniz)

Şəlalə Göytürk

AzVision.az üçün


Teqlər: Kəşfiyyat   MOSSAD  





Xəbər lenti