Prezident nekroloq imzaladı

Prezident nekroloq imzaladı
  02 Aprel 2014    Oxunub:1413
Azərbaycanın dövlət rəsmiləri və mədəniyyət xadimləri İsa Hüseynovun vəfatı ilə bağlı başsağlığı veriblər.
AzVision.az.Az AzərTAc-a istinadən xəbər verir ki, bu məqsədlə imzalanmış nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin 1-də ömrünün 86-cı ilində vəfat etmişdir.

İsa Hüseynov 1928-ci il iyun ayının 12-də Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1950–1952-ci illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov 1954–1964-cü illərdə “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, 1964–1979-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü olmuşdur. O, 1979-cu ildən Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışmışdır. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. Nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olaraq onun ötən altmış ildən artıq müddət ərzindəki fəaliyyəti ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfə olmuşdur. Aydın mövqeli yazıçı Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə həyatı boyu yorulmadan yazıb yaratmışdır.
Tariximizin qədim dövrlərdən bəri ən müxtəlif mərhələlərində baş verənləri və böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan İsa Muğanna milli özünüdərkə çağıran çoxsaylı əsərləri sırasına bir-birinin ardınca yeni dəyərli nümunələr əlavə edərək ömrünün son günlərinə qədər ədəbi prosesi istiqamətləndirməyə müvəffəq olmuşdur. Ədibin yaxın-uzaq keçmişimizin mənzərəsini hadisələrə özünəməxsus yanaşma və fərqli düşüncə tərzi sayəsində daha dolğun canlandıran silsilə roman və povestləri ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malikdir. Mühüm sosial həqiqətlərdən söz açaraq, dərin vətəndaşlıq ruhu ilə səciyyələnən bu əsərlərdə ustad yazıçı ana dilinin potensial poetik imkanlarından yüksək dərəcədə bəhrələnmək məharəti nümayiş etdirmişdir.

İsa Muğanna, eyni zamanda, Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuş unudulmaz filmlərin bir çoxunun ssenari müəllifi kimi tanınırdı. Onun əsərləri əsasında çəkilən və xalqımızın yetirdiyi tarixi simaların ömür yolundan bəhs edən kinofilmlər sənətsevərlər tərəfindən indi də rəğbətlə qarşılanır. Tarixi gerçəkliklərin obrazlı təcəssümünə çevrilmiş həmin lentlər milli kino xəzinəsində özünəməxsus yer tutur. Yazıçı, həmçinin xarici dillərə tərcümə olunaraq müəllifinə şöhrət qazandıran əsərləri ilə nəsrimizi ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil etmişdir.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilmişdir. O, fəxri ad və ordenlərə layiq görülmüş, Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Görkəmli nasir və ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Kamal Abdullayev
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Anar Rzayev
İsa Həbibbəyli
Fikrət Qoca
Çingiz Abdullayev
Söhrab Tahir
Nəriman Həsənzadə
Vaqif Səmədoğlu
Mövlud Süleymanlı
Zəlimxan Yaqub
Şəfiqə Məmmədova
Eldar Quliyev"

Qeys edək ki, mərhumun cənazəsi vidalaşmaq üçün 2014-cü il aprelin 2-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaq.

Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək.


Teqlər:





Xəbər lenti