Azərbaycan “Slou Fud” turizm modelinin inkişafı üçün geniş imkanlara malikdir

Azərbaycan “Slou Fud” turizm modelinin inkişafı üçün geniş imkanlara malikdir
  09 Dekabr 2021    Oxunub:1089
Dekabrın 9-da Şəkidə baş tutan tədbirdə “Slou Fud” turizm modelinin əsas prinsipləri, qastronomik turizmin təşviqi, yerli biomüxtəlifliyin qorunması və kənd icmalarının formalaşdırılması baxımından “COVCHEG” layihəsinin əhəmiyyəti haqqında məlumat verilib.
AzVision.az xəbər verir ki, 3 il davam edən “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi" (COVCHEG) layihəsinin yekununa dair keçirilən tədbirdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər şəxsləri, eləcə də Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxdan olan “Slou Fud” icmalarının nümayəndələri iştirak ediblər.



Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə layihənin Azərbaycan üçün iki vacib sahə sayılan turizm və kənd təsərrüfatını birləşdirdiyini və regionlarda aqroturizmin inkişafına töhfə verdiyini, yerli adət-ənənələr, milli mədəni irs, yerli mədəniyyətlərin qorunması baxımından vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid çıxışında Azərbaycanın “Slou Fud” sahəsində dünya miqyasında tanınması üçün gözəl təbiətə, əlverişli iqlimə və təbii yerli qida məhsullarına sahib olduğunu deyib. Baş icraçı direktor gələcəkdə layihənin Azərbaycanın digər ərazilərini də əhatə etməsinin istisna olmadığını bildirib.



“COVCHEG” layihəsinin Azərbaycanda kənd icmalarının iqtisadi inkişafına və məşğulluğun artmasına xidmət etdiyini deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin Rəhbəri Viktor Bojkov bu modelin yerli qastronomiya və aqrobiomüxtəlifliyin qorunması baxımından uğurlu bir yanaşma olduğunu, qastronomik turizmi təşviq etdiyini vurğulayıb.

Tədbir çərçivəsində “Slou Fud” icmasının fəaliyyətini genişləndirmək məqsədilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən 4 icma nümayəndəsinə xüsusi avadanlıqlar da təqdim edilib.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılan "COVCHEG" layihəsi Beynəlxalq Slou Fud Assosiasiyası və Azərbaycan Turizm Bürosu tərəfindən həyata keçirilib. Layihənin məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə töhfə vermək, yerli və regional qida zəncirlərini, həmçinin Slou Fud Səyahət proqramı modellərini təbliğ etməkdir. Layihə Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regionuna daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edib.

Məlumat üçün bildirək ki, “Slou Fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.





AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti