Mediada fərqli dövr başlayır: Yeni qanun mükəmməl sənəd olacaq

    Mediada fərqli dövr başlayır:  Yeni qanun mükəmməl sənəd olacaq
  10 Dekabr 2021    Oxunub:752
İkinci Qarabağ müharibəsi zamanı güclü medianın önəmi bir daha ortaya çıxdı. Azərbaycan KİV-ləri 44 gün ərzində kifayət qədər uğurlu fəaliyyət göstərsələr də, ümumi yanaşdıqda mediamızla bağlı bir sıra boşluqlar müşahidə olundu. İllərlə yığılıb qalan bəzi problemlərdən qaynaqlanan bu boşluqlar medianın inkişafını ləngidirdi.
Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Prezident tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, həmin Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi isə milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisi oldu.

Xüsusən də yeni qanun layihəsi bir sıra vacib və maraqlı nüansları ilə diqqət çəkir. Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. Ümumiyyətlə bu bir faktdır ki, bütün dünyada məsuliyyətli media yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Azərbaycanın yeni “Media haqqında” qanun layihəsi də məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi qanun layihəsi kimi xarakterizə oluna bilər.

Elə ekspertlər, media nümayəndələri də “Media haqqında” qanunun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ açdığını düşünürlər. Çünki 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və o müasir çağırışlarla uzlaşmır.

Yeni qanun layihəsi isə media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Bundan başqa “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə də öz töhfəsini verəcək.

Qanun layihəsində diqqət çəkən məqamlardan biri Media Reyestridir. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən jurnalist vəsiqəsi veriləcək. Yeni layihəyə əsasən, bu, Azərbaycan ərazisində fəaliyyət göstərən xarici jurnalistlərə şamil edilməyəcək. Xarici jurnalistlər ölkə ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma müraciət etməlidirlər. Onlar həmin qurumun razılığını aldıqdan sonra fəaliyyət göstərə bilərlər.

Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 il olacaq. Reyestrə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək ki, bu media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Media subyektləri isə onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər.

Xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq

Bu qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləməyəcək. İnternet televiziyaları ilə bağlı da maraqlı nüanslar var. Bu, televiziyaların lisenziya almaq üçün müraciət etməsinin məcburi xarakter daşımamsıdır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Qanun layihəsində əksini tapan digər mühüm məqam müəllif hüquqları ilə bağlı məsələdir. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Əvvəllər isə oratada konkret tələblər yox idi, müəllif yazıları ilə bağlı ciddi problemlər yaşanırdı.

Belə qənaətə gəlmək olar ki, qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Əminliklə demək olar ki, yenin qanun qüvvəyə mindikdən sonra yaxın gələcəkdə media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması da təmin ediləcək, media subyektlərinin bir-birlərindən xəbər “oğurlamaq” vərdişləri isə aradan qaldırılacaq. Xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.Təsadüfi deyil ki, son illərdə onlayn medianın ən böyük problemlərindən biri də məhz xəbər “oğurluğu” sayılırdı. Bu mənada layihədə məsələ ilə bağlı nəzərdə tutulan nüanslar təqdir oluna bilər.

Yeni qanun çap mediasının da inkişafını təşfiq edəcək. Cap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmayacaq. Amma çap mediası subyektləri fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verəcək ki, bu da yeni bir prosedur deyil. Atıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda həmin məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulub. Əslində prosedur da çox sadədir. Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə bu, müasir dövrün çağırışlarına uyğunlaşdırılmıb. Onsuz da həmin məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur.

Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır.

Ümumilikdə layihədə nəzərdə tutulan sadalanan yenilikləri nəzərə alsaq belə qənaətə gəlmək olar ki, təklif olunan məsələlər medianın surətli inkişafına xidmət edəcək. Çünki reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq. Bundan sonra kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəklər. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq.

Qanunda təsbit olunan “jurnalist anlayışı” termini var ki, bu, xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edib. Müvafiq qanunun predmeti media subyektləri və jurnalistlərin media sahəsində fəaliyyətləri ilə bağlı münasibətlərdir, “Vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil edilməyib. Yəni necə ki hər hüquqşünas vəkil, hər mühazirəçi müəllim deyil, bu məsələdə də eyni yanaşma ortaya qoyulub.

O da alqışlanası haldır ki, qanunun mahiyyəti və həssaslığı nəzərə alınmaqla, normayaratma prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, normativ hüquqi aktın layihəsinin 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə müzakirəsi təşkil olunub.

Bir sözlə qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq. “Media haqqında” qanun mükəmməl hazırlanıb və nəinki media nümayəndələrini, ümumilikdə cəmiyyəti qane edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Media   Qanun   Jurnalist   İnkişaf  



Xəbər lenti