Belə vəziyyətdə istər-istəməz dövlətin informasiya mexanizmlərinin işi pozulurdu. Məsələn, deyirik ki, dövlət qurumu jurnalistin sorğusuna cavab verməlidir. Amma jurnalist kimdir? Əlinə smartfon alan hər kəsin sorğusuna cavab vermək fiziki olaraq mümkün deyil axı. Demək, əvvəlcə kimin jurnalist olmasını müəyyən etməliyik. Qanun hər şeydən əvvəl bunun üçün lazım idi.
Xəbər yayımı ilə məşğul olan subyektlərin təsnifatı çoxdan aparılmalı idi: Jurnalist kimdir, bloger kim. Bloqosferanı nizamlamaq olmaz, mümkün də deyil; amma jurnalistikanı nəinki olar, hətta lazımdır. Çünki əvvəla bu, dövlət üçün strateji sahədir. İkincisi, illərdir qurtula bilmədiyimiz “reket jurnalistikası” kimi biabırçılığın kökünü kəsmək lazımdır. Bunun üçün “qara siyahı”ların tətbiqi effekt vermədi, demək, “ağ siyahı”nı tərtib etmək lazımdır. Vahid vəsiqə və Reyester həmin “ağ siyahı” olacaq.
Yeni qanunla bağlı verilən şərhlərdə əsas yanlışlıqlaran biri budur ki, informasiya azadlığı ilə media siyasəti qarışdırılır. Qanun informasiya azadlığına ümumiyyətlə, toxunmur: hər kəsin məlumat axtarmaq, tapmaq, yaymaq hüququ olduğu kimi qalır. Qanun isə məhz dövlətin media siyasətini nizamlamağa xidmət edəcək.
Daha əyani olsun deyə, məsələn, feysbukda, yaxud “youtube”da canlı yayım açan Demə Qoq adlı blogeri təsəvvür edin. Onun istədiyini danışmaq hüququna necə ki, heç kim müdaxilə etmirdi, yenə də etməyəcək. Amma dövlət özünün informasiya təhlükəlziyini demə qoqların, blogerlərin, yutuberlərin, tiktokerlərin öhdəsinə buraxa bilməz axı!

Blogerin jurnalistdən fərqi budur ki, o, həmişə izləyicinin eşitmək istədiyini danışır və danışacaq. Onun yeganə məbudu izləyici sayı və “layk”ıdır. Yaxşı, bəs kütləvi izləyicinin eşitmək istəmədiklərini kim desin?! Xaricdə informasiya mübarizəsini kim aparsın, daxildə dövlətçilik ideologiyası ilə yüklənmiş labüd qasidlik funksiyasını kim həyata keçirsin?! Axı bunlar kütləvi izləyiciyə, deməli, onun üçün işləyən blogerə də maraqsızdır. Dövlət bax, bu kəsimlə işləyir – peşəkar media ilə. Qanun da məhz dövlətlə peşəkar medianın münasibətlərini tənzimləməyə xidmət edir. Qalanları narahat olmaya bilərlər – Araz yenə də onların aşığından, Kür isə topuğundan yuxarı qalxmayacaq.
Dövlətə peşəkar mediadan nəyin lazım olduğu aydındır. Bəs peşəkar mediaya dövlətdən nə lazımdır? İnkişafı üçün şərait yaradılması. Bloqosferaya bu baxımdan heç bir dəstək lazım deyil, o, özü inkişaf edəcək, çünki arxasında Əlahəzrət Kütlə dayanır. Bəli, elə bu səbəbdən də bloger həmişə peşəkar jurnalistdən daha çox izlənəcək, çünki kütlənin eşitmək istədiyini deyir. Belə bir şəraitdə jurnalistin blogerləşməyə doğru yox, peşəkarlaşmağa doğru getməsini təmin etmək həyati əhəmiyyət daşıyır. Əlahəzrət Kütlənin marağının və boş, amma xoş alqışının əvəzində peşəkar jurnalistə nə təklif olunmalıdır? Qanun bax, bu suala cavab verir.
Eyni zamanda, layihənin mütərəqqiliyi ondadır ki, iki düşərgənin arasında divar hörmür, əksinə, körpü yeri qoyur. Yutuber olmaq istəyirsən – buyur; əgər sabah peşəkar mediaya çevrilmək istəsən qapı açıqdır, gəl, lisenziya üçün müraciət elə. Bloger olmaq istəyirsən – ixtiyar sahibisən; sabah peşəkar jurnalistə çevrilmək istəsən yenə də həmçinin.
Bu layihənin yeganə mənfi cəhəti onun gec hazırlanmasıdır. Biz bu qədər vaxtı itirməməli idik. Peşəkar media ilə bloqosfera arasındakı təsnifat fərqi çoxdan təsbit edilməli və dövlətin birincinin inkişafı üçün vəziyyəti nizamlamasına xeyli əvvəldən başlanılmalı idi. Qırılan qoşundan oldu. Amma yenə də heçdənsə, gec yaxşıdır.
Vüsal Məmmədov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


