Bulvarda daha bir yenilik

Bulvarda daha bir yenilik
  02 Aprel 2014    Oxunub:1147
Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan "City Sightseeing Worldwide" Şirkəti ilə bağlanmış razılaşmaya əsasən Bakı şəhərində şirkətin nümayəndəliyi yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 3-5 aprel tarixlərində keçiriləcək "AİTF 2014" XIII-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ilk günü Bakı Expo Mərkəzində layihənin əsas təqdimat mərasimi keçiriləcək.

"City Sightseeing Worldwide" Şirkəti ikimərtəbəli üstüaçıq avtobuslarda ekskursiyalar təşkil edən dünyanın aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılmışdır. Fəaliyyətini cəmi 4 turla başlayan "City Sightseeing" Şirkəti hal-hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsi ilə ekskursiyalar təşkil edir. 2013-cü ildə bu şirkət 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidməti göstərib.

Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində "hop on - hop off" sistemi ilə istifadə etmək olar. Yəni, hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər. Bakı şəhərində təşkil ediləcək bu şəhər turları Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Dövlət Yol Polisinin təsdiq etdiyi marşrut üzrə qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir.

Marşrutun uzunluğu təxminən 15 km və 1 saat 30 dəqiqə təşkil edir. Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaq.

"Gülərüz Kobra" MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcək. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanacaq. Xarici vətəndaşlar üçün biletin qiyməti 20 manat, Azərbaycan Respublikasının vətandaşları üçün 10 manat təşkil edəcək. Biletin sahibi bileti əldə etdiyi andan etibarən 24 saat ərzində istənilən miqdarda avtobusa daxil olub turunu davam edə bilər. Jurnalistlər, otel işçiləri, 5 yaşa qədər uşaqlar və əlil insanlar üçün giriş pulsuz olacaq. Qarabağ veteranları, təqaüdçülər və tələbələr müvafiq vəsiqələrini təqdim etdikdə, onlar üçün biletin qiyməti 5 manat təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti